Print Version   Download Zip File

Avropanın Yerli Özünüidarəetmə Haqqında Xartiyasi

Strasburq, 15 oktyabr 1985-ci il

 

Hər bir Avropa vətəndaşı yaşadığı dövlətin Konstitusiya quruluşundan asılı olmayaraq, - istər bu, Monarxiya olsun, yaxud Respublika olsun, dövlət formasından asılı olmayaraq - istər bu, Federasiya olsun yaxud Unitar dövlət olsun, özünü ilk növbədə yerli hakimiyyət səviyyəsində ifadə və təsdiq edir; o, burada onun gündəlik həyatına bilavasitə təsir göstərən qərarların qəbul olunmasında iştirak edə bilər.

Yerli özünüidarənin Avropa Xartiyası üçün 15 oktyabr 1985-ci ildə imzalanmaq üçün açılmış və 1 sentyabr 1988-ci ildə qüvvəyə minərək, yerli hakimiyyətlərin müdafiəsi və hüquq və azadlıqlarının möhkəmləndirilməsinə dair ümumavropa normalarının əsasını qoymuşdur.

Avropa Yerli Regional hakimiyyətlərinin Konqresi -1994-cü ildə yaradılmış Avropa Yerli və Regional hakimiyyətlərinin Konqresi (AYRHK) yerli və regional hakimiyyətləri təmsil edən Avropa Şurasının orqanıdır. Bu orqandan əsas məqsəd mərkəzi hakimiyyətlərin səmərəli yerli demokratiyanı inkişaf etdirmək istəyini şövqləndirmək yolu ilə Avropa ölkələrinin yerli və regional hakimiyyətlərinin siyasi, inzibati və maliyyə muxtariyyətini müdafiə etmək və onlara yardım göstərməkdir.


Mövcud Xartiyanı imzalamış Avropa Şurasının üzvü olan Dövlətlər:

Hesab edərək ki, Avropa Şurasından məqsəd ümumi sərvəti təşkil edən idealların və prinsiplərinin təntənəsi və müdafiəsi naminə onun üzvləri arasında daha möhkəm birliyə nail olmaqdan ibarətdir;

Hesab edərək ki, idarəetmə sahəsində sazişlərin bağlanması bu məqsədin əldə edilməsinə xidmət edən vasitələrdən biridir;

Hesab edərək ki, yerli özünüidarə orqanları istənilən demokratik quruluşun əsaslarından birini təşkil edirlər;

Hesab edərək ki, vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququ bütün dövlətlər-Avropa Şurasının üzvləri üçün ümumi olan demokratik prinsiplərə aiddir;

belə bir əqidədən çıxış edərək ki, bu hüquq bilavasitə məhz yerli səviyyədə həyata keçirilə bilər;

belə bir əqidədən çıxış edərək ki, real hakimiyyətə malik olan yerli özünüidarə orqanlarının mövcudluğu səmərəli və eyni zamanda vətəndaş üçün yaxın olan idarəetməni təmin edə bilər;

dərk edərək ki, müxtəlif Avropa ölkələrində özünüidarənin müdafiəsi və möhkəmləndirilməsi demokratiya və dövlətin desentralizasiyası prinsiplərinə əsaslanan Avropanın qurulması işinə böyük töhfədir;

təsdiq edərək ki,  bu,  demokratik yolla yaradılmış və öz səlahiyyətləri, bu səlahiyyətlərin həyata keçirilməsi qaydası və bunun üçün zəruri vasitələr barədə geniş muxtariyyətə malik olan yerli özünüidarə orqanlarının mövcudluğunu nəzərdə tutur, aşağıdakılar haqqında razılığa gəlmişlər;


Maddə 1

Tərəflər, sonrakı maddələrə mövcud Xartiyanın 12-ci maddəsində nəzərdə tutulmuş qaydada və həcmdə əməl etməyi öz öhdələrinə götürürlər.


Hissə I

Maddə 2. Yerli özünüidarənin konstitusion və qanunverici əsasları

Yerli özünüidarənin prinsipi ölkənin qanunvericiliyində və imkan daxilində ölkənin konstitusiyasında tanınmalıdır.


Maddə 3. Yerli özünüidarə anlayışı

1. Yerli özünüidarə dedikdə, yerli özünüidarə orqanlarının qanun çərçivəsində, məsuliyyəti öz üzərinə götürərək və yerli əhalinin mənafeyi naminə dövlət işlərinin böyük bir hissəsini nizama salmaq və onu idarə etmək hüququ və real bacarığı başa düşülür.

2. Bu hüquq azad, gizli, bərabər, birbaşa və ümumi səsvermə yolu ilə seçilmiş üzvlərdən ibarət olan şuralar və ya yığıncaqlar tərəfindən həyata keçirilir. Şuraların və ya yığıncaqların onlara hesabat verən icra orqanları ola bilər. Bu müddəalar vətəndaşların yığıncaqlara, qanunun yol verdiyi yerlərdə referenduma, yaxud vətəndaşların bilavasitə iştirakının hər hansı bir formasına müraciət etməsini istisna etmir.


Maddə 4. Yerli özünüidarənin səlahiyyət sahəsi

1. Yerli özünüidarənin əsas səlahiyyətləri konstitusiya və qanunla müəyyən edilir. Lakin bu müddəa yerli özünüidarə orqanlarına qanuna uyğun olaraq ayrı-ayrı konkret səlahiyyətlərin verilməsini istisna etmir.

2. Yerli özünüidarə orqanları qanunun müəyyən etdiyi çərçivədə, onların səlahiyyətlər dairəsindən çıxarılaraq digər hakimiyyət orqanının səlahiyyətinə verilməmiş hər hansı bir məsələ üzrə öz şəxsi təşəbbüslərinin həyata keçirilməsi üçün tam sərbəst hərəkət edə bilərlər.

3. Dövlət səlahiyyətlərinin həyata keçirilməsi bir qayda olaraq, vətəndaşlara ən yaxın olan hakimiyyət orqanlarının üzərinə qoyulmalıdır. Bu səlahiyyətlərdən hər hansı birinin digər hakimiyyət orqanına verilməsi qarşıya qoyulmuş vəzifənin həcmi və xarakterini, habelə səmərə və qənaət tələblərini nəzərə almaqla həyata keçirilməlidir.

4. Yerli özünüidarə orqanlarına verilən səlahiyyətlər bir qayda olaraq tam və müstəsna olmalıdır. Bu səlahiyyətlər bu və ya digər mərkəzi, yaxud regional hakimiyyət orqanı tərəfindən yalnız qanun təyin etdiyi hüdudlar daxilində iddia edilə və ya məhdudlaşdırıla bilər.

5. Mərkəzi və ya regional orqanlar tərəfindən səlahiyyətlərin göndərilməsi zamanı yerli özünüidarə orqanları bu səlahiyyətlərin həyata keçirilməsini yerli şəraitə uyğunlaşdırmaq üçün mümkün olduğu qədərində sərbəstliyə malik olmalıdır.

6. Bilavasitə yerli özünüidarə orqanlarına aid olan istənilən qərarların planlaşdırılması və qəbul edilməsi prosesində mümkün olduğu qədər, vaxtında və müvafiq formada bu orqanlarla məsləhətləşmək zəruridir.


Maddə 5. Yerli özünüidarə orqanlarının ərazi bölgüsünün müdafiəsi

Yerli ərazi bölgüsü ilə əlaqədar hər hansı bir dəyişiklik zamanı öncədən müvafiq yerli özünüidarə orqanları ilə məsləhətləşmək  zəruridir, qanunun yol verdiyi hallarda bu dəyişikliklər (ola bilsin ki,) referendum keçirilməsi yolu ilə edilə bilər.


Maddə 6. İnzibati struktur və vasitələrin yerli  özünüidarə orqanlarının vəzifələrinə müvafiqliyi

1. Yerli hakimiyyət orqanları daha ümumi qanunvericilik müddəalarını pozmadan özləri öz daxili inzibati strukturlarını müəyyən etmək imkanına malik olmalıdırlar ki, yerli tələbatlara cavab verə və səmərəli idarəetməni təmin edə bilsinlər.

2. Yerli özünüidarə orqanları qulluqçularının iş şəraiti elə olmalıdır ki, təcrübə və bacarığın nəzərə alınması prinsipi əsasında yüksəkixtisaslı kadrların seçilməsini təmin etmək mümkün olsun; buna görə peşə hazırlığı, əmək haqqının ödənilməsi və qulluq üzrə irəliləmə üçün müvafiq şəraitin təmin edilməsi zəruridir.


Maddə 7. Yerli səviyyədə səlahiyyətlərin həyata keçirilməsi şərtləri

1. Yerli seçkili şəxslərin statusu onların səlahiyyətlərinin sərbəst həyata keçirilməsini təmin etməlidir.

2. Yerli seçkili şəxslərin statusu onların öz səlahiyyətlərini həyata keçirməsi ilə əlaqədar çəkilmiş xərclərinə müvafiq pul kompensasiyasını almağa, habelə zərurət yarandıqda,  mənfəətə, yaxud qazanca görə müvafiq kompensasiya və müvafiq sosial sığortaya görə kompensasiya almağa ona imkan verməlidir.

3. Yerli seçkili şəxsin mandatı ilə bir araya sığmayan funksiyalar və fəaliyyət yalnız qanunla və ya əsas hüquqi prinsiplərlə müəyyən edilə bilər.


Maddə 8. Yerli özünüidarə orqanlarının fəaliyyəti üzərində inzibati nəzarət

1. Yerli özünüidarə orqanları üzərində hər hansı inzibati nəzarət yalnız Konstitusiya ilə və ya qanunla nəzərdə tutulmuş forma və hallarda həyata keçirilə bilər.

2. Yerli özünüidarə orqanları üzərində hər hansı bir inzibati nəzarət bir qayda olaraq, yalnız qanunçuluğa və konstitusion prinsiplərə əməl olunmasının təmin edilməsi üçün nəzərdə tutula bilər. Bununla belə, inzibati nəzarət həmçinin yerli özünüidarə orqanlarının onlara verilmiş səlahiyyətləri necə yerinə yetirmələrinə yuxarıda duran hakimiyyət orqanlarının nəzarətini də əhatə edə bilər.

3. Yerli özünüidarə orqanları üzərində inzibati nəzarət elə həyata keçirilməlidir ki, nəzarətedici orqanın müdaxilə dərəcəsi, bu müdaxilənin müdafiə etməyi nəzərdə tutduğu mənafenin əhəmiyyətinə uyğun olsun.


Maddə 9. Yerli özünüidarə orqanlarının maliyyələşdirmə mənbələri

1. Yerli özünüidarə orqanlarının milli iqtisadi siyasət çərçivəsində öz funksiyalarını həyata keçirəcəkləri zaman sərbəst surətdə istifadə edə biləcəkləri kifayət qədər şəxsi maliyyə vəsaitinə malik olmaq hüququ vardır.

2. Yerli özünüidarə orqanlarının maliyyə vəsaiti konstitusiyanın və qanunun onlara verdikləri səlahiyyətlərə uyğun olmalıdır.

3. Yerli özünüidarə orqanlarının maliyyə vəsaitinin ən azı bir hissəsi yerli rüsum və vergilərin hesabına daxil olmalıdır ki, bunların da ölçüsünü yerli özünüidarə orqanları qanunun müəyyən etdiyi hədlərdə təyin etməkdə haqlıdır.

4. Yerli özünüidarə orqanları vəsaitinin əsaslandığı maliyyə sistemləri kifayət qədər çeşidli və çevik olmalıdır ki, yerli orqanların səlahiyyətlərinin həyata keçirilməsi zamanı yaranmış xərclərin dəyişilməsi prosesini gerçək imkanlar daxilində izləmək mümkün olsun.

5. Maliyyə baxımından daha zəif yerli özünüidarə orqanlarının müdafiəsi yerli orqanların maliyyələşdirilməsinin potensial mənbələrinin və onların üstündə olan xərclərin qeyri-bərabər bölüşdürülməsi nəticələrinin təshih edilməsi üçün nəzərdə tutulmuş maliyyə tarazlaşdırılması prosedurunun və ya ekvivalent tədbirlərin işə salınmasını tələb edir. Bu cür prosedur və ya tədbirlər yerli özünüidarə orqanlarının öz səlahiyyətləri daxilində seçmək azadlığını məhdudlaşdırmamalıdır.

6. Yenidən bölüşdürülmüş vəsaitin verilmə qaydasının yerli özünüidarə orqanları ilə lazımi surətdə razılaşdırılması zəruridir.

7. Yerli özünüidarə orqanlarına maliyyə yardımının verilməsi imkan daxilində konkret layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulmamalıdır. Maliyyə yardımının verilməsi yerli özünüidarə orqanlarının öz şəxsi səlahiyyətləri sahəsində öz siyasətini seçmək azadlığının ziyanına olmamalıdır.

8. Kapital qoyuluşu üzrə xərclərin maliyyələşdirilməsi üçün yerli özünüidarə orqanlarının,  qanunvericiliyə əməl etməklə, borc kapitalının milli bazara yolu olmalıdır.


Maddə 10. Yerli özünüidarə orqanlarının birləşmək hüququ

1. Yerli özünüidarə orqanları öz səlahiyyətlərini həyata keçirərkən, ümumi maraq doğuran vəzifələrin yerinə yetirilməsi məqsədilə digər yerli özünüidarə orqanları ilə əməkdaşlıq etmək və qanunun müəyyən etdiyi hüdudlar daxilində, onlarla birləşmək hüququna malikdir.

2. Hər bir dövlətdə yerli özünüidarə orqanlarının ümumi mənafelərin müdafiəsi və irəliləyişi naminə birliklərə və yerli özünüidarə orqanlarının beynəlxalq birliyinə daxil olmaq hüququ tanınmalıdır.

3. Yerli özünüidarə orqanlarına qanunun müəyyən edə biləcəyi şərtlər əsasında, digər dövlətlərin bu cür orqanları ilə əməkdaşlıq etmək hüququ verilir.


Maddə 11. Yerli özünüidarənin hüquqi müdafiəsi

Yerli özünüidarə orqanları onların öz səlahiyyətlərini sərbəst surətdə həyata keçirilməsini və ölkənin Konstitusiya və qanunvericiliyi ilə təsbit edilmiş yerli özünüidarə prinsiplərinə əməl edilməsini təmin etmək üçün məhkəmə müdafiəsi hüququna malik olmalıdır.


Hissə II, Xüsusi müddəalar

Maddə 12. Öhdəliklər

1. Hər bir tərəf Xartiyanın 1-ci hissəsinin ən azı iyirmi bəndinə əməl etməyi öz öhdəsinə götürür; bu bəndlərdən ən azı 10-u aşağıdakı bəndlər sırasından seçilməlidir:

- maddə 2
- maddə 3, bəndlər 1 və 2
- maddə 4, bəndlər 1, 2 və 4
- maddə 5
- maddə 7, bənd 1
- maddə 8, bənd 2
- maddə 9, bəndlər 1, 2 və 3
- maddə 10, bənd 1
- maddə 11.


2. Xartiyanın qəbul edilməsi, yaxud bəyənilməsi haqqında təsdiq fərmanının, yaxud sənədin saxlanılma üçün təhvil verilməsi məqamında Sazişə girən hər bir Dövlət mövcud Maddənin 1-ci bəndinin müddəalarına uyğun olaraq seçilmiş bəndlər haqqında Avropa Şurasının Baş katibinə məlumat verir.

3. Bundan sonra istənilən Tərəf istənilən vaxt Baş katibi  xəbərdar edə bilər ki, o, mövcud Xartiyanın, mövcud maddənin 1-ci bəndinin müddəalarına uyğun olaraq, hələlik qəbul etmədiyi hər hansı digər bəndinə əməl etməyi öz öhdəsinə götürür. Sonradan qəbul edilmiş bu cür öhdəliklərə ratifikasiyanın tərkib hissəsi kimi, xəbərdar edən Tərəfin bildirişinin qəbul edilməsi, yaxud bəyənilməsi kimi baxılır və Baş katibin bu bildirişi aldığı tarixdən sonrakı üç ay müddəti bitdikdən sonra gələn ayın birinci günündən etibarən qüvvəyə minir.


Maddə 13. Xartiyanın qüvvəsinin əhatə etdiyi özünüidarə orqanları

Yerli özünüidarənin hazırkı Xartiyada əks olunmuş prinsiplərin Tərəflərin ərazisində mövcud olan yerli özünüidarə orqanlarının bütün kateqoriyalarına aid edilir.

Lakin təsdiq fərmanının, yaxud qəbul olunma və ya bəyənilmə haqqında sənədin saxlanılma üçün təhvil verilmə vaxtı hər bir Tərəf, yerli, yaxud regional özünüidarə orqanlarının mövcud Xartiyanın tətbiq dairəsinə daxil olan kateqoriyalarını, yaxud Xartiyanın öz tətbiq dairəsindən xaric etmək niyyətində olduğu kateqoriyaları göstərə bilər. Tərəf, habelə sonradan Avropa Şurasının Baş katibinə xəbər vermək yolu ilə Xartiyanın təsir qüvvəsini yerli və regional hakimiyyətin digər kateqoriyalarına da aid edə bilər.


Maddə 14. İnformasiyanın təqdim olunması

Hər bir Tərəf hazırkı Xartiyanın müddəalarına uyğun olmaq üçün həyata keçirdiyi qanunverici müddəalar və digər tədbirlər haqqındakı bütün zəruri informasiyanı Avropa Şurasının Baş katibinə göndərir.


Hissə III

Maddə 15. İmzalama, təsdiq etmə, qüvvəyə minmə


1. Mövcud Xartiya Avropa Şurasının üzvləri olan dövlətlərin imza etməsi üçün açıqdır. Xartiya təsdiq, qəbul, yaxud təqdir edilməlidir.

Təsdiq fərmanları, yaxud qəbuletmə və ya bəyənilmə haqqında sənədlər saxlanılma üçün Avropa Şurasının Baş katibinə təhvil verilir.

2. Mövcud Xartiya dörd dövlət-Avropa Şurasının üzvləri, bundan əvvəlki bəndin müddəalarına uyğun olaraq Xartiyaya əməl etmək barədə ərizə verdikləri gündən sonrakı üç ay müddəti bitdikdən sonra gələn ayın birinci günündən etibarən qüvvəyə minir.

3. Avropa Şurasının üzvləri və Xartiyaya qoşulmaq barədə sonradan öz razılığını vermiş hər hansı bir dövlət üçün  Xartiya təsdiq fərmanı, Xartiyanın qəbul olunması, yaxud bəyənilməsi haqqında sənəd saxlanılmağa təhvil verildiyi gündən sonrakı üç ay bitdikdən sonra gələn ayın birinci günündən etibarən qüvvəyə minir.


Maddə 16. Ərazi ilə bağlı qeyd

1. Təsdiqetmə fərmanının, yaxud Xartiyanın qəbul edilməsi, bəyənilməsi və ya ona qoşulmaq haqqında sənəd saxlanılmağa təhvil verildiyi vaxtdan etibarən hər bir dövlət hazırkı Xartiyanın tətbiq ediləcəyi ərazini, yaxud əraziləri göstərə bilər.

2. Hər bir dövlət bundan sonra istədiyi vaxt Avropa Şurasının Baş katibinə göndərdiyi bəyannamə vasitəsilə hazırkı Xartiyanın tətbiqini bəyannamədə göstərilmiş istənilən əraziyə aid edə bilər. Bu ərazi barədə Xartiya-Baş katibin bildirişi aldığı tarixdən sonrakı üç ay başa çatdıqdan sonra gələn ayın birinci günündən etibarən qüvvəyə minir.


Maddə 17. Etibarsız hesabetmə

1. Heç bir Tərəf, mövcud Xartiyanın onun üçün qüvvəyə mindiyi gündən hesablanmaqla beşillik müddət başa çatmayana qədər hazırkı Xartiyanı etibarsız hesab edə bilməz. Həmin müddətə altı ay qalmış Avropa Şurasının Baş katibinə ilkin bildiriş göndərilir. Bu cür etibarsız hesabetmə digər Tərəflər üçün Xartiyanın qüvvəsinə təsir etmir, bir şərtlə ki, Tərəflərin sayı dörddən az olmasın.

2. Əvvəlki bəndin müddəalarına əsasən, Tərəflərin hər biri Xartiyanın 1-ci hissəsinin əvvəllər qəbul etdiyi istənilən bəndini bu şərtlə etibarsız saya bilər ki, bu Tərəfin əməl etməli olduğu bəndlərin sayı və kateqoriyası 12-ci maddənin 1-ci bəndinin müddəalarına uyğun gəlmiş olsun. Bəndlərdən biri etibarsız hesab edildikdən sonra daha 12-ci maddənin 1-ci bəndinin tələblərinə cavab verməyən hər bir tərəf, həmçinin Xartiyanı bütövlükdə etibarsız saymış Tərəf kimi nəzərdən keçiriləcəkdir.


Maddə 18. Bildiriş

Avropa Şurasının Baş katibi dövlətlərə-Şuranın üzvlərinə:

a) istənilən imzaetmə haqqında;

b) istənilən təsdiqetmə fərmanının, yaxud qəbuletmə və ya bəyənilmə haqqında sənədin saxlanılma üçün təhvil verilməsi haqqında;

v) 15-ci maddəyə uyğun olaraq hazırkı Xartiyanın istənilən tarixdən qüvvəyə minməsi haqqında;

q) 15-ci maddənin 2 və 3-cü bəndlərinə uyğun olaraq istənilən bildirişin alınması haqqında;

d) 13-cü maddənin müddəalarına uyğun olaraq istənilən bildirişin alınması haqqında;

e) hazırkı Xartiyaya aid olan istənilən digər akt, bildiriş və məlumat haqqında məlumat verir.

Buna təsdiq olaraq, aşağıda imza edənlər, buna səlahiyyətləri olmaqla hazırkı Xartiyanı imzaladılar.

15 oktyabr 1985-ci ildə Strasburqda fransız və ingilis dillərində icra edilmişdir və saxlanılmaq üçün Avropa Şurasının arxivinə təhvil veriləcək hər iki mətn bir nüsxədə eyni qüvvəyə malikdir.

Avropa Şurasının Baş katibi lazımi qaydada təsdiq edilmiş nüsxə üzünü dövlətlərdən hər birinə-Avropa Şurasının üzvlərinə göndərir.

* * *
.

Avropanın Yerli Özünüidarəetmə Haqqında Xartiyasi


1 -2 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan