Print Version   Download Zip File

Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan

Ataxan Abilov

"Cəmiyyət və Hüquq", İctimai Birliyi
Əlaqə: Telefon: (994-12) 971378; 971379;
E-maıl: ataxanabilov@mail.com


Kitab Avrasiya Fondu Yardımı ilə Hazırlanıb
www.efazerbaijan.org


İçindəkilər:

Ön söz 
I fəsil: Azərbaycan Respublikası Avropa Şurasının tam və bərabər- hüquqlu üzvüdür 
II fəsil: İnsan hüquqları sahəsində Avropa standartları və Azərbaycan Respublikasının qanunvericiliyi 
2.1. İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında 1950-ci il Avropa Konvensiyasının Azərbaycan Respublikasının  qanunvericilik sistemində yeri 
2.2. Şəxsi hüquq və azadlıqlar 
2.2.1. Yaşamaq hüququ. 
2.2.2. Köləliyin və məcburi əməyin qadağan edilməsi .
2.2.3. Şəxsi və ailə həyatına hörmət hüququ. 
2.2.4. Nigaha daxil olmaq hüququ və tərəflərin hüquq bərabərliyi. 
2.2.5. Fikir, vicdan və din azadlığı. 
2.2.6. Təhsil hüququ. 
2.2.7. Mülkiyyətin müdafiəsi. 
2.2.8. Avropa Məhkəməsinə fərdi şikayətin verilməsinə mane olmanın qadağan edilməsi. 
2.3. Vətəndaşlıq və siyasi hüquq və azadlıqlar 
2.3.1. Söz azadlığı (ifadə etmək hüququ). 
2.3.2. Dinc yığıncaqlar və nümayiş azadlığı. 
2.3.3. Assosiasiyalar azadlığı və ya birləşmək hüququ. 
2.3.4. Azad seçki hüququ. 
2.3.5. Hərəkət azadlığı. 
2.3.6. Xaricilərin hüquqları. 
2.4. Ədalətli Məhkəmə təhqiqatı ilə bağlı hüquqlar 
2.4.1. Azadlıq və toxunulmazlıq hüququ. 
2.4.2. Ədalətli məhkəmə hüququ. 
2.4.3. İşgəncələrin qadağan edilməsi. 
III fəsil. Avropa İnsan Hüquqları Məhkəməsi İnsan Hüquqları haqqında Avropa Konvensiyasının müdafiə mexanizmidir 
3.1. Avropa İnsan Hüquqları Məhkəməsi daim təkmilləşən mexanizmdir (tarixi aspektlər) 
3.2. Məhkəmənin tərkibi və quruluşu 
3.3. Məhkəmənin yirisdiksiyası 
3.3.1. Məsləhətçi rəylər 
3.3.2. Dövlətlərarası işlər 
3.3.3. Fərdi şikayətlər 

Əlavələr:
1. Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək üçün ərizə forması 
2. Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək üçün ərizə  formasının doldurulmasına dair Təlimat 
4. Məhkəmə Reqlamentinin 45-ci və 47-ci maddələri 
5. İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyaya dair Azərbaycan Respublikasının Bəyanatı 

- İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Müraciətetmə Mərkəzi haqqında məlumat
- İstifadə olunmuş ədəbiyyat 

* * *

Kitabda işlədilən bir sıra söz və şərti işarələr altında aşağıdakılar başa düşülməlidir:

Konvensiya  İnsan hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında 1950-ci il  Avropa Konvensiyası.

Məhkəmə - Avropa İnsan Hüquqları Məhkəməsi.
Komissiya - Avropa İnsan Hüquqları Komissiyası.
AŞ - Avropa Şurası.
Konstitusiya - Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul olunmuş Konstitusiyası.
CM - Azərbaycan Respublikasının Cinayət Məcəlləsi.
CPM - Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi.
MM - Azərbaycan Respublikasının Mülki Məcəlləsi
MPM - Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
CİM - Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi.

* * *

ÖN SÖZ

Azərbaycan Respublikası Avropa Şurasına üzv olmaqla onun bir sıra konvensiyalarına, o cümlədən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında 1950-ci il Konvensiyasına qoşulmuşdur. Konvensiya Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Avropa Şurasına üzv olma ərəfəsində - 25 yanvar 2001-ci ildə Strasburqda imzalanmış və 25 dekabr 2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilmişdir. Ratifikasiya haqqında Qanun dövlət başçısı tərəfindən imzalandıqdan sonra, 10 mart 2002-ci ildə Milli Məclisin rəsmi orqanı olan "Azərbaycan" qəzetində çap olunmuşdur. Azərbaycan Respublikası tərəfindən İnsan Hüquqları haqqında Konvensiyanın ratifikasiya edilməsilə bağlı sənəd Avropa Şurasının Baş Katibinə təqdim edilmiş və 15 aprel 2002-ci ildə depozitə edilmişdir. Həmin tarixdən etibarən respublikamızın yurisdiksiyası altında olan hər bir şəxsin Avropa İnsan Hüquqları Məhkəməsinə Konvensiya ilə müəyyən edilmiş şərtlər daxilində müraciət etmək hüququ yaranmışdır.

Bununla əlaqədar olaraq ölkə ictimaiyyətinin Strasburq məhkəməsinə marağı artmışdır. Lakin cəmiyyətimizdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və ona müraciət etməklə bağlı hüquqi maarifləndirmə günün tələbləri səviyyəsindən geri qalır. Mövcud şəraitdə  İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Müraciətetmə Mərkəzinin təşəbbüsü ilə hüquqşunas Ataxan Əbilov tərəfindən  hazırlanan və oxucuların ixtiyarına verilən "Avropa Məhkəməsi və Azərbaycan" kitabı hüquqşunaslarla yanaşı, sıravi vətəndaşlarımıza da bu işdə yardımcı olacaqdır.
Ümid edirik ki, "Avropa Məhkəməsi və Azərbaycan" kitabı Avropa Məhkəməsi, onun fəaliyyət mexanizmi, Məhkəməyə müraciətetmə qaydaları haqqında, Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq Avropa standartları ilə müqayisəli analizi, Azərbaycan Respublikasının Avropa Şurasına üzv olarkən öz üzərinə götürdüyü öhdəliklərini təhlili və s. bu kimi məsələlərlə ətraflı tanış olmaqda oxucuların köməyinə gələcək, bu istiqamətdə mövcud olan hüquqi informasiya boşluğunu az-çox aradan qaldıracaqdır.
Kitabda yuxarıda qeyd etdiyimiz məsələlərin hüquqi təhlili və təfsiri ilə yanaşı, bir sıra mühüm sənədlərlə, o cümlədən Avropa Şurasının Nizamnaməsilə (ixtisarla), İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiya və ona əlavə edilən 1, 4, 6, 7 saylı Protokollarla, Avropa Məhkəməsinə müraciət etmək üçün ərizə blankı və onun doldurma qaydası haqqında Təlimatla, Konvensiyanın ratifikasiyası zamanı Azərbaycan Respublikasının etdiyi qeyd-şərt və verdiyi Bəyanatların mətnlərilə də tanış ola bilərsiniz.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Müraciətetmə Mərkəzi kitabın işıq üzü görməsinə görə maliyyə yardımı ayıran ABŞ-ın Avrasiya fonduna dərin minnətdarlığını  bildirir. Bu təşkilat və Mərkəzimiz haqqında qısa məlumatla kitabın sonunda tanış ola bilərsiniz.

                                                              Natiq Abdullayev

* * *

I FƏSİL

AZƏRBAYCAN RESPUBLİKASI AVROPA ŞURASININ TAM VƏ BƏRABƏRHÜQUQLU ÜZVÜDÜR

Avropa Şurası hökumətlərarası beynəlxalq təşkilatdır. Onun üzvləri suveren Avropa dövlətlərdir. İnsan hüquqlarını, parlament demokratiyasını və hüququn aliliyi prinsipini  müdafiə etmək və möhkəmləndirmək, təşkilatın üzvü olan dövlətlərin sosial və hüquqi sahədəki uğurlarına əsaslanan ümumavropa razılaşmaları bağlamaq, ümumi ideya və prinsiplərin müdafiəsi və həyata keçirilməsi naminə Avropa dövlətlərinin böyük birliyinə nail olmaq, onların iqtisadi, sosial tərəqqisinə kömək göstərmək təşkilatın başlıca məqsədidir. Avropa Şurası hazırda qitədə 43 dövləti birləşdirən ən yaşlı siyasi təşkilat hesab edilir.

AŞ 05 may 1949-cü ildə 10 Avropa dövlətinin: Belçika, Böyük Britaniya, Danimarka, İrlandiya, İsveç, İtaliya, Lüksemburq, Hollandiya, Norveç və Fransanın imzaladıqları "Avropa Şurasının Nizamnaməsi"nə əsasən təsis edilib.
Avropa Şurası, milli müdafiə məsələləri istisna olmaqla, Avropa cəmiyyətinin bütün mühüm məsələlərini diqqətdə saxlayır. Onun iş proqramı aşagıdakı fəaliyyət sferaları əhatə edir: insan hüquqları, kütləvi informasiya vasitələri, hüquq sahəsində əməkdaşlıq, sosial və iqtisadi məsələlər, səhiyyə, təhsil, mədəniyyət, bəşəri irs, idman, gənclər, yerli demokratiya, sərhədyanı əməkdaşlıq, ətraf mühit, regional planlaşdırma və s.

1989-cu ildən etibarən Avropa Şurası özünün əsas fəaliyyətini post-kommunist Avropa dövlətlərində demokratiyanın müdafiəsi istiqamətində qurmuşdur. Bu məqsədlə Mərkəzi və Şərqi Avropa ölkələrinə orada iqtisadi yenidənqurmaya paralel olaraq - siyasi, qanunvericilik və konstitusion islahatların Avropa Şurasının standartlarına uyğun olaraq həyata keçirilməsinə yardım edilir.
Avropa Şurasını obrazlı olaraq "Avropa dövlətləri ailəsi" adlandırırlar. Azərbaycan Respublikasının 30 avqust 1991-ci il tarixli Dövlət Suverenliyinin Bərpası Haqqında Bəyannamə və Azərbaycan Respublikasının 18 oktyabr 1991-ci il tarixli Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı kimi tarixi sənədlərlə müstəqilliyini elan etmiş suveren Azərbaycan Respublikasını Avropa dövlətləri ailəsində görmək respublikamızın hər bir sadə vətəndaşının arzusu olmuşdur.
Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilata üzv olmaq gənc Azərbaycan Respublikasının həyatında mühüm hadisədir1. Azərbaycanın dövlət müstəqilliyi əldə edildikdən az sonra respublika rəhbərliyi Avropa Şurasına üzv olmaq təklifilə çıxış etmiş və bu barədə təşkilata məktubla müraciət etmişdir. Keçən müddət ərzində dövlətimiz qarşıya qoyulan məqsədə doğru addım-addım irəliləmişdir.

Əlbəttə, uzun müddət totalitar rejim şəraitində yaşayan cəmiyyətimizin Avropa Şurasına inteqrasiyası heç də rahat olmamış, ciddi hüquqi və siyasi islahatların həyata keçirilməsi və ya buna cəhd edilməsi nəticəsində baş vermişdir.
Hələ 1993-cü ildə Avropa Şurasına üzv dövlətlərin rəhbərlərinin və hökumət başçılarının Vyanada keçirilən yüksək səviyyədə görüşündə təşkilatın üzvlərinin genişləndirilməsi məsləhət görülmüşdür2. Bundan irəli gələrək Parlament Assambleyası 1994-cü ildə Avropa Şurasının genişləndirilməsi haqqında 1247 saylı tarixi tövsiyələrini qəbul etmişdir. Həmin sənəddə birbaşa göstərilir ki, Avropa ilə mədəni əlaqələri nəzərə alınaraq bu barədəki niyyəti aydın ifadə olunmaq şərtilə Azərbaycan Respublikası Avropa Şurasına üzv olmaq haqqında xahişlə müraciət edə bilər.

28 iyun 1996-cı il tarixdə Avropa Şurasının Parlament Assambleyası tərəfindən Azərbaycan Respublikasına "Xüsusi dəvət olunmuş qonaq" statusu verilir. Az sonra, 13 iyul 1996-cı ildə Avropa Şurası Nazirlər Komitəsi sədrinin Bakıya səfəri zamanı Azərbaycan təşkilata daxil olmaq xahişilə ona müraciət etmişdir. Prosedur qaydalarına müvafiq olaraq Avropa Şurasının Nazirlər Komitəsi 11 sentyabr 1996-cı il tarixli qətnaməsilə təşkilatın Parlament Assambleyasını bu məsələyə münasibət bildirməyə çağırmışdır.

Avropa Şurasına üzv olmaq barədə vəsatət qaldırmış Azərbaycan Respublikasının bu təşkilatın standartlarına uyğunluğunu araşdırmaq məqsədilə AŞ Parlament Assambleyasının üç Komitəsi - Siyasi Məsələlər Komitəsi, Hüquqi məsələlər və İnsan Hüquqları Komitəsi və Üzv olmayan Avropa ölkələrilə Əlaqələr Komitəsi 1996-cı ilin payızında Azərbaycan üzrə məruzəçilər təyin etmişlər. Bundan başqa, Avropa Şurasının Parlament Assambleyasının Bürosu məsələ ilə əlaqədar hüquqşünaslardan ibarət İnsan Hüquqları Komissiyasının nümayəndə qrupu təşkil etmişdir.


TAM MƏTN ZİP FİLE-dadır

Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan