Print Version   Download Zip File

Əli Abbasov (AREAT, Müair Sosial Proseslərin Araşdırmalar Mərkəzi, Bakı)
Harutiun Xaçatryan (Noyan Topan Analitik Mərkəzi, Yerevan)

Qarabağ Münaqişənin Həlli Variantları: İdeyalar və Reallıg

AREAT, Bakı, 2002


    Kitabçada Qarabağ münaqişəsinin tarixi və səviyyələri, onun həlli variantlarının və metodlarının təhlili, münaqişəyə cəlb olunmuş iki ölkədə çaqdaş ictimai-siyasi mühitin xarakteristikası nəzərdən keçirilir. Kitabça eyni vaxtda Azərbaycan, erməni, rus və inğilis dillərində nəşr olunur.
    Bu araşdırma Azərbaycan və Ermənistan tədqiqatçılarının birğə yerinə yetirdikləri ilk təcrübədir. O, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Bakıdakı və Yerevandakı səfirliklərinin mənəvi və maliyyə dəstəyi ilə həyata keçirilib.

* * *

 

Mündəricat

- Müəlliflərdən
I. Giriş: Qarabağ münaqişəsinin səviyyələri: lokallıqdan qloballaşmaya qədər 
II. Qarabağ münaqişəsinin siyasi həllinə dair mümkün variantların təhlili 
III. Qarabağ münaqişəsinin həlli metodları ("texnologiyaları")
IV. Münaqişə və iki ölkədəki ictimai-siyasi mühit
V. Nəticə

 

 

MÜƏLLİFLƏRDƏN

     Dağlıq Qarabağ (DQ) münaqişəsi keçmiş SSRİ ərazisində baş vermiş ən erkən, genişmiqyaslı və inkişaf perspektivi bilinməyən münaqişədir. O, uzandıqca uzanır, get-gedə daha çox dövlətlərarası və uluslararası problem xarakteri alır. Ötən əsrin 80-ci illərinin sonunda hələ SSRİ-nin siyasi məkanında meydana gəlmiş bu münaqişə İttifaq dağılandan sonra avtomatik olaraq iki yeni müstəqil dövlətin - Azərbaycan Respublikasının (AR) və Ermənistan Respublikasının (ER) dövlətlərarası probleminə çevrildi. Bundan əlavə, yeni meydana gəlmiş hər iki dövlət bu problemin ucbatından əslində müstəqillik əldə edən kimi qanlı silahlı münaqişəyə cəlb edilmiş oldu. Rəsmi statistikaya görə, 50 min adamın həyatına son qoymuş döyüş əməliyyatlarını 1994-cü ildə dayandırmaq mümkün olsa da, həm münaqişə tərəflərinin, həm də çoxsaylı beynəlxalq vasitəçilərin səylərinə baxmayaraq problemin siyasi həllinə hələ də nail olunmayıb.
     Bunun nəticəsində həmin iki dövlət arasında "nə savaş, nə barış" durumu qalmaqdadır, diplomatik münasibətlər yoxdur, onların ümumi sərhədləri cəbhə xəttinə çevrilib, bu ölkələri bir-biriləri ilə və qismən də üçüncü ölkələrlə birləşdirən nəqliyyat yolları və başqa kommunikasiyalar blokadaya alınıb. Bölgənin bir çox aparıcı ölkələri Qarabağ münaqişəsinə münasibətdə müxtəlif mövqelərdə durduqlarından o, bəzən dünya dövlətlərinin, ilk növbədə ABŞ-nin və Rusiyanın geosiyasi, iqtisadi maraqlarının kəsişmə nöqtəsi kimi həm də bütün regionda duyumlu gərginlik amilinə çevrilib.
     Bu cür "nə savaş, nə barış" durumu daim özündə hərbi əməliyyatların bərpa xofunu yaşatdığına görə son dərəcə təhlükəlidir. Belə inkişaf ehtimalı kiçik olsa da (əksər siyasətçilərin və ekspertlərin fikrincə, bu, azı yaxın perspektiv üçün həqiqətən belədir), narahatlıq üçün yetərincə əsas qalmaqdadır. Əvvəla, münaqişə nəticəsində çoxlu itki vermiş hər iki ölkə münaqişənin qeyri-müəyyən müddətə uzanması ucbatından xeyli iqtisadi itkiyə məruz qalmaqdadır. Başqa sovet respublikaları kimi AR və ER də bir-biriləri ilə sıx iqtisadi münasibətlərdə idi. Bu münasibətlərin pozulması hər iki dövlətdə xalqın həyat səviyyəsinin geniş şəkildə pisləşməsində önəmli rol oynayıb. Bundan əlavə, qarşılıqlı təcriddə keçən hər yeni gün yeni-yeni imkanların əldən verilməsi deməkdir və bu səbəbdən potensial tərəfdaşlar başqa ölkələrə üz tutmağa məcbur olur. Münaqişənin həll olunmaması üzündən tam bir sıra regional layihələr gerçəkləşməmiş qalır.
     Lakin ən həyəcanlısı budur ki, münaqişənin həllinin sonraya saxlanılması, yaxud onun tənzimlənməsi işində, azacıq da olsa, tərəqqi əldə edilməməsi barışıq və nəticə etibarilə tənzimləmə yolları axtarışını potensial baxımdan daha da çətinləşdirir. Təəssüf ki, hər iki ölkədə qarşı tərəfə münasibətdə "düşmən obrazı" getdikcə daha möhkəm yer alır, Bakıdakı və Yerevandakı hakimiyyət qurumları da daxil olmaqla hər iki ölkədəki siyasi qüvvələrin əksəriyyəti bu "obraz"ın möhkəmlənməsinə müxtəlif dərəcədə yardımçı olur. Belə bir durumda isə, hər şeydən əvvəl, bütün danışıqların, yaxınlaşma cəhdlərinin, barışıq yolları axtarışının əsası olan qarşılıqlı etimada zərbə dəyir. Ədavət qarşıdurmanın gəlişməsinə səbəb olur. Faktiki olaraq yalnız kiçik qruplardan ibarət adamlar və bəzi ictimai təşkilatlar bu tendensiya ilə bağlı narahatlıqlarını bildirirlər.
     Bu layihə göstərilən məhvedici tendensiyaya qarşı durmaq cəhdidir. İştirakçıları Azərbaycandan və Ermənistandan olan alimlərdir. Onların niyyəti silsilə materiallar hazırlamaq yolu ilə ağrılı problemlərə dair öz nöqteyi-nəzərlərini, eləcə də bu problemlərin mümkün həlli yollarının variantlarını hər iki ölkənin ictimaiyyətinə çatdırmaqdır. Biz bu layihəyə iki xalq və ölkə arasındakı "buz"u azacıq da olsa əridə biləcək əməkdaşlığın ilkin mərhələsi kimi baxırıq. İstər indiki durumun uzun müddət davam edəcəyi, istərsə də tənzimləmə prosesinin ölü nöqtədən tərpədilməsinin mümkün olacağı hallarda çox iş görülməlidir. Hətta ən əlverişli nəticə əldə ediləcəyi halda da xalqlarımız arasında etimadın bərpası prosesi xeyli vaxt və fəaliyyət tələb edəcək.
     Bu layihədə təqdim olunan üç materialda DQ-də münaqişənin başlanmasından əvvəlki dövrə və onun inkişafına dair hər iki tərəfin fikirləri (monitorinq), eləcə də indiki zamanda iki ölkə və iki xalq arasındakı mövcud ümumi iqtisadi maraqları əhatə edən ideyaların mahiyyəti öz əksini tapıb. Materiallar İnternetə çıxarılır (Azərbaycan versiyasının ünvanı: www.dialogueAzArm.com, Ermənistan versiyasının ünvanı: www.dialogueArmAz.nt.am). Nəhayət, "Qarabağ münaqişəsinin həlli variantları: ideyalar və reallıq" adlanan bu kitabça Azərbaycan türkcəsində, ermənicə, rusca və ingiliscə buraxılır. Onları ictimaiyyətin mühakiməsinə verməklə biz ümid edirik ki, bu birinci addım qarşılıqlı etimadın güclənməsi yönünda atılacaq sonrakı addımları stimullaşdıracaq.
     Qeyd etməyi lazım bilirik ki, bu kiçik əsərin yaradılması hətta bizə - ermənilərin və azərbaycanlıların mövqelərinin yaxınlaşmasının, onların barışmasının mümkünlüyünə inanan, bu yöndə çalışmağa köklənmiş adamlara da asan başa gəlməyib. Biz özümüz də bir daha əmin olduq ki, belə bir işi görmək -  kompromislərə nailolma və stereotiplərdən uzaqlaşma yollarını axtarmaq ağır bir prosesdir. Bilirik ki, bu kitabça ölkələrdən heç birində birmənalı reaksiya doğurmayacaq, bununla belə, qarşılıqlı anlaşmaya nail olmaq məqsədilə, nəhayət, xalqların birbaşa dialoqunu başlamağın zəruri olduğuna əminik.
     Bu əsərin başa çatması danışıqlar prosesində növbəti dəfə "durğunluq" dövrünün yaranması ilə eyni vaxta düşdü. Bu, qismən həm də ondan görünür ki, AR və ER dövlət başçıları səviyyəsində üç il davam etmiş təmas səngiyərək yerini onların nümayəndələrinin - xarici işlər nazirləri müavinlərinin vasitəsilə aparılan danışıqlara vermişdir. Digər tərəfdən, ABŞ və RF prezidentlərinin 2002-ci ilin mayında verdikləri birgə bəyanat ona dəlalət edir ki, Cənubi Qafqaz (CQ) bölgəsi ən yaxın vaxtlarda "icbari sülh"ə təhrik edilə bilər, bu isə "hüquq və ədalət prinsipləri"nə az uyğun gəlir. Ona görə də bu kitabçanın məhz indi, bölgə üçün taleyüklü qərarların qəbul oluna biləcəyi bir vaxtda işıq üzü görməsi bizə vacib görünür.
     Tərəflər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı və Ermənistan Respublikasındakı səfirliklərinə dərin minnətdarlıqlarını bildirirlər; onların maliyyə yardımı və mənəvi dəstəyi olmasaydı, bu layihə gerçəkləşə bilməzdi.


TAM MƏTN ZİP FİLE-dadır

 

Əli Abbasov (AREAT, Müair Sosial Proseslərin Araşdırmalar Mərkəzi, Bakı)
Harutiun Xaçatryan (Noyan Topan Analitik Mərkəzi, Yerevan)


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan