Print Version   Download Zip File

"İslahatlar: Dünya Təcrübəsi"
Tərtib edəni: Sabit Bağırov
Sahibkarlığa Yardım Fondu
"Məşvərət Jurnalı"
Bakı, 1998-2002


Prezidentlik Təcrübəsi


Hikmət Hacızadə,
FAR CENTRE,
Vitse-prezident
Bakı, 1996

 

İçindəkilər

- Ronald Reyqan öz Xarici Siyasi Böhranları Haqqında
- Kennedi və Kuba Böhranı.
- Reyqanın İnzibati İslahatları
- Prezident və Parlament
- C.Buş: Deputat Səs Verərkən Nəyə Əsaslanmalıdır
- R.Nikson: Siyasətçi, Oxucular və Qəzetlər
- Mühafizəkalları da dinləyək. R.Nikkson öz fəlsəfəsi haqqında

* * *


Ölkənin Böhran Şəraitində İdarə Edilməsi Haqqında

ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın "Məşvərət"in oxucularına təqdim olunan qeydləri onun "Amerikansayağı həyat" ("An American Life", Simon & Shuster, 1990) adlanan xatirələr kitabından götürülüb və bu gün Azərbaycan üçün aktual olan mövzuya - ölkənin böhran şəraitində idarə edilməsinə həsr olunub. Əlbəttə, Reyqanın əsasən ABŞ kimi fövqəldövlətin siyasi elitasına yönəlmiş təcrübəsi və məsləhətləri səkkiz milyonluq Azərbaycana az uyğundur. Amma, hər halda, ABŞ-ın maraqlarına toxunan xarici siyasi böhranlar zamanı onun necə hərəkət etməsi haqqında məlumatı bu qeydlərdən almaq olar.


RONALD REYQAN ÖZ XARİCİ SİYASİ BÖHRANLARI HAQQINDA

LİVAN

"Artıq 1984-cü ilin əvvəlində lap aydın oldu ki, öz iradəmizin əleyhinə bizim qoşulduğumuz vətəndaş müharibəsinə son qoyulmasını Livan ordusu ya istəmir, ya da bacarmır. Müharibənin uzun çəkəcəyi aydın görünürdü. Dəniz piyadaları hələ də snayperlərin nişanında saxlandığı və toplardan atəşə tutulduğu üçün mən onların 6-cı donanmanın gəmilərinə yerləşdirilməsi əmrini verdim. Bu ölkədə sülhün qorunub saxlanılması üçün qan tökən dəniz piyadaları dislokasiya yerini dəyişdilər.

Beləliklə, biz Livandan getməli olduq. Artıq bu zaman səylərimizin əbəs olması hamıya aydın idi. Əsl müharibənin aparılması barədə heç söhbət də ola bilməzdi. Lakin əsgərlərimizin əl-qolunu bağlamış kimi terrorçuların zərbələri altında qoyaraq vətəndaş müharibəsində sanki yarımçıq iştirak etməklə Livanda da qalmaq olmazdı.

Biz kömək etməyə çalışdığımız Livan ordusunun silahı sadəcə yerə qoyub öz yurddaşları ilə döyüşməkdən imtina edəcəyini bəlkə də öncədən görə bilərdik. Hər bir halda mən dəniz piyadalarının Beyruta göndərilməsi barədəki qərarımdan peşman olmuşam və onların məhvi mənə böyük dərd olub.

Mənim inzibati idarəm Livanın acı təcrübəsinə əsaslanaraq xaricdə hərbi qüvvənin tətbiqi  prinsiplərini işləyib hazırlayıb. Mən Amerikanın gələcək prezidentlərinə də bu prinsipləri əldə rəhbər tutmağı məsləhət görərdim. Budur onlar:
1. Əgər bizim həyati mühüm maraqlarımıza toxunulmayıbsa ABŞ ölkədən xaricdə hərbi əməliyyatlar aparmamalıdır.

2. Əgər ölkə xaricində hərbi aksiyanın keçirilməsi qərarı verilərsə qələbə mütləq təmin edilməlidir. Heç bir halda yarımçıq, yaxud təxmini tədbirlər həyata keçirilməməlidir. Dəqiq ifadə edilmiş gerçək məqsəd olmalıdır.

3. Silahlı müdaxilə barədəki qərar bizim uğrunda mübarizə apardığımız işi Amerika xalqının və Konqresinin dəstəkləməsi və niyyətlərimizlə razı olması əzmiylə təsdiqlənməlidir (hökumət məhz Amerika xalqının onun tərəfində olduğuna öncədən əmin olmadan hərbi aksiyaya başladığı üçün  Vyetnam faciəyə çevrildi).

4. Hətta bütün bu şərtlərə riayət olunduğu zaman daha heç bir seçimin qalmadığı son halda hərbi aksiya barədə qərar verilə bilər.


"SOLİDARNOST" VAXTLARINDAKI  POLŞA

"Polşada ayılma və sovet kommunizminin ideyalarından qurtuluş prosesi başlayırdı. O vaxt bunun Şərqi Avropadakı gələcək tarixi hadisələrin müjdəçisi olduğunu biz hələ anlamırdıq. Polşa qoçaqları özündən savayı digər hər hansı bir hakim, yaxud nüfuzlu orqanın yaranmasını yasaqlayan hökumətin iradəsinin ziddinə olaraq əsas insan hüquqlarından birinin həmkarlar ittifaqlarının təşkili hüququnun tələbiylə çıxış edirdilər.

Lakin  rəşadətli və təbii azadsevərlik dalğasının yatmadığını görən Polşanın kommunist liderləri Lex Valensanın təsis etdiyi "Solidarnost"un tələblərini minimal ödəməyə məcbur olaraq bu həmkarlar ittifaqını tanıdılar.

Moskva 1981-ci ilin yazında Polşa sərhədi boyunca hərbi manevrlərə başlamaqla bu kimi itaətsizlik əməllərinə qarşı cavab verdi. Varşavada fövqəladə vəziyyət elan olundu, başlanan liberallaşma prosesinin dayandırılması əmri verildi. Artıq o zaman Polşanın iqtisadiyyatı süquta doğru gedirdi və xalqın tələbatını təmin etmək  imkanında deyildi.  Elə bu zaman Moskva kreditləri kəskin ixtisar edərək onu tam iflas həddinə çatdırdı.

Mənə belə gəlir ki, Polşada həyəcanlı olaylar baş verirdi. "Dəmir pərdə" arxasından insanın ən əsas və qarşısıalınmaz arzularından biri olan azadlıq arzusu özü üçün həyata yol açırdı. Bu, kommunist totalitarizmi istinadgahının ilk çatıydı.

Polşada baş verənlər bütün Şərqi Avropanı da bürüyə bilərdi. Lakin biz öz fəaliyyətimizdə məhdud idik və buna görə də qarşımızda bir sıra problemlər durdu".     

Özünün azadlığı uğrunda mübarizəsini dəstəklədiyimizi Polşa xalqına çatdırmağı arzulasaq da inqilab zamanı onlara hərbi yardıma hazır olduğumuz kimi yanlış təsəvvürlər yaradacaq hərəkətə yol verə bilməzdik. Kömək göstərməyi çox istəsək də bizim adamlar Polşada baş verən hadisələrin hamısını dəstəkləyə bilməzdilər, xüsusən də Polşa hökumətinin sovet qoşunlarının yeridilməsini tələb etdiyi anlaşılmaz bir vəziyyətdə.

Biz ölkənin dağılan iqtisadiyyatına dayaq vermək fikrində deyildik, amma eyni zamanda başa düşürdük ki, əgər iqtisadi iflas baş verərsə o, güclü xalq üsyanına təkan verə bilər. Bunun yatırılması üçün də sovet tankları yeridilə bilər və beləliklə də, yaranmaqda olan demokratik hərəkat süquta uğrayar.

Polşanın işlərinə sovet hərbi müdaxiləsinə qarşı bütün mümkün diplomatik vasitələrlə müqavimət göstərəcəyimiz barədə Moskvaya məlumat vermişdik. Yazın sonunda kəşfiyyat xidməti Polşaya hazırlanan müdaxilə barədə xəbər verdi. Buna görə də mən belə hərəkətlərin ABŞ və Qərb ölkələrində mənfi reaksiya doğuracağı barədə Brejnevə məktub yazdım. Mən bəyan etdim ki, belə müdaxilə baş verərsə Sovetlər nüvə silahları sahəsindəki yeni razılaşmaları, eləcə də ABŞ-la ticarət münasibətlərinin yaxşılaşmasını unuda və ən sərt iqtisadi tədbirləri gözləyə bilər. Brejnev cavabında dedi ki, Polşada baş verən olaylar Polşa hökumətinin daxili işidir və ABŞ-ın Polşadakı vəziyyətə münasibəti SSRİ-ni maraqlandırmır.

Moskva ilə sonrakı yazışmalarımızda "Brejnev doktrinası"ndan əl çəkməkdən imtina edilməsi daim səslənirdi, mən isə öz tərəfimdən belə siyasətin perspektivsizliyi barədə dediklərimi davam etdirirdim.

Nəhayət, bazar günü dekabrın 13-də Polşa və Moskva konkret tədbirlər gördülər. Polşa hərbi hökuməti heç bir xəbərdarlıq etmədən sərhədi bağladı, "Solidarnost"un öndərlərini həbsə aldı və ölkədə hərbi vəziyyət yaratdı.

Bu gedişat qabaqcadan bildirdiyimiz hərbi müdaxilə üçün yetərli deyildi. Mən bu yaxın vaxtda Polşada baş verən hadisələrdə SSRİ-nin rolunu daha kəskin ifadələrlə məzəmmətləyən məktubu Brejnevə göndərdim.

Yeni il qabağı mən Polşa və SSRİ-yə qarşı tədbirlərin həyata keçiriləcəyini və bununla da Polşada insan haqlarının pozulmasına mənfi münasibət bildirdiyimizi elan etdim. Biz taxıl satışı haqqında yeni uzunmüddətli saziş üzrə danışıqları müvəqqəti dayandırdıq, ABŞ-a Aeroflotun reyslərini yasaqladıq, mütəxəssislər mübadiləsi üzrə bir neçə proqramı ləğv etdik. Bundan əlavə, SSRİ üçün xüsusən mühüm olan sənaye mallarının SSRİ-yə nəqlinə embarqo qoyduq. Bunların sırasında Transsibir qaz boru kəmərinin quraşdırılmasında istifadə olunan boruçəkənlər də vardı.

Mən bu siyasətin dəstəklənməsi xahişi ilə Avropalı müttəfiqlərimizə müraciət etdiyim zaman pərt oldum. Onlar ruslara etimadsızlığın göstərilməsinə razılaşdılar, bu zaman qaz boru kəməri üzrə işlərin dayandırılması ilə yox. Bəzi müttəfiqlərin reaksiyası onlar üçün prinsiplərdənsə pulun daha vacib olması fikrini doğururdu.


TAM MƏTN ZİP FİLE-dadır

"İslahatlar: Dünya Təcrübəsi"
Tərtib edəni: Sabit Bağırov
Sahibkarlığa Yardım Fondu
"Məşvərət Jurnalı"
Bakı, 1998-2002


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan