Print Version   Download Zip File

Parlamentarizm Təcrübəsi

Tərtib edəni: Sabit Bağırov,
Sahibkarlığa Yardım Fondu,
"Məşvərət Jurnalı", Baku, 1998-2002


İçındəkilər
- İngiltərə Parlamenti Necə İşləyir... Hikmət Hacızadə
- Britaniya Parlamenti Üzvlərinin Davranış Standartları.. Lalə Nəcəfova
- Seçki Sistemləri........................Abil Bayramov
- Parlament Fraksiyası Nədir?.............Abil Bayramov
- Parlament müvəkkilı - Ombusman - kimdir..Hikmət Hacızadə
- Parlamentin Köməkçi Aparatı..............Abil Bayramov
- Lobbizmə Ayıq Baxış......................Rasim Müsabəyov
- İslamda hakimiyyət bölgüsü, .............Fərid Aydın

* * *

İngiltərə Parlamenti Necə İşləyir?


Hikmət Hacızadə,
Vise Prezident, FAR CENTRE,
"Svoboda" Qəzeti, N2-3,1992


İngiltərə parlamenti dünyada ən qədim parlamentdir. Onun özülünün qoyulması tarixi olaraq İngiltərə kralı I Eduardın parlamentə bənzər ilk məclis olan İcmalar Palatasını (House of Commons) - ingilis icmalarının seçilmiş təmsilçilərinin yığıncağını çağırdığı 1295-ci ili götürürlər. Kral İcmalar Palatasına yalnız vergiləri dəyişdirmə hüquqlarından bəzilərini verdi. Ancaq bu cılız hüquqların özünü də krallar çox tez-tez pozurdular.

Mütləqiyyətlə arasıkəsilməz 400 illik vətəndaş müharibəsi İcmalar Palatası deputatlarının arxasında durmuş tacirlərin və sənayeçilərin təchiz etdikləri qoşunların kral ordusuna qalib gəlməsi ilə başa çatdı. 1688-ci il İngiltərə inqilabı müstəbid II Yakovu (ing. - James) devirdi və ölkədə parlamentin hüdudsuz hakimiyyətini bərqərar etdi. O vaxtdan bəri, XVIII yüzil ingilis mütəfəkkiri Con de Lolmun dəqiqliklə göstərdiyi kimi, "parlamentin hər şeyi etməyə gücü çatır, yalnız kişini qadına çevirməyi və bunun tərsini etməyi bacarmır". (Müqayisə üçün xatırladaq ki, ABŞ Konqresi ancaq Konstitusiyaya zidd olmayan qanunları qəbul edə bilər, Britaniyada isə belə Konstitusiya yoxdur).

Parlament iki palatadan ibarətdir: nisbi çoxluğun majoritar seçki sistemi üzrə seçilmiş üzvlərindən ibarət İcmalar Palatasından və üzvləri irsi perlərdən, anqlikan kilsəsinin yüksək yepiskoplarından, eləcə də xidmətlərinə görə baş nazirin per rütbəsi verdiyi şəxslərdən ibarət Lordlar Palatasından.

1949-cu ildən Lordlar Palatasının səlahiyyətləri parlament tərəfindən qeyri-maliyyə qanun layihələrinin qəbulunun növbəti sessiyaya keçirilməsi hüququ ilə məhdudlaşdırılıb. Buna görə də parlamentin işindən danışarkən adətən İcmalar Palatasının işi nəzərdə tutulur.

Keçmiş imperiyanın İcmalar Palatasının binası bizim ölçülərimizə görə çox da böyük deyil - uzunu 21 metr, eni 14 metr, hündürlüyü 14 metrdir. Deputatların əyləşdiyi beş cərgə oturacaqlar amfiteatr kimi qalxır. İcmalar Palatasında 650 yer var (80 min əhalidən 1 deputat), ancaq iclas zalında vur-tut 437 oturacaq var və ənənələrə hörmət edərək əlavə oturacaq qoyulmur. Bundan başqa, parlament palatalarındakı yerlər nadir hallarda dolu olur - iclasa gəlmə azaddır. Yetərsay (kvorum) İcmalar Palatasında 40 nəfər, Lordlar Palatasında 3 nəfərdir. Beləliklə, bizim təmsilçili yığıncaqların işini tez-tez iflic edən yetərsay problemi Birləşmiş Krallıqda yoxdur. İstəmirsən - gəlmə! Qərarı sənsiz də çıxararlar. Ancaq seçicilərinlə məsələni də özün ayırd elə.

Bununla belə, ciddi partiyadaxili intizam səsvermənin başlanğıcında deputatların iştirakını təmin edir. Parlament bazar ertəsindən cümə axşamınadək saat 14.30-dan 22.30-adək, cümə günü 9.30-dan naharadək iclas keçirir, sonra deputatlar öz seçki dairələri üzrə görüşlərə dağılışırlar. İl boyunca parlament orta hesabla 175 iclas keçirir. Səsvermə qədim vaxtlarda olduğu kimi baş verir: deputatlar zaldan haçalaşan dəhlizə çıxırlar; kim "lehinə" səs verirsə sola dönür, kim "əleyhinə"dirsə sağa gedir.

Parlament müzakirələri mətbuatda ətraflı işıqlandırılır, radio ilə ötürülür, bu yaxınlarda isə xeyli tərəddüddən sonra parlament öz iclaslarının televiziya ilə translyasiyasına da icazə verdi (məsələn, belə bir narahatlıq ifadə olunurdu ki, televiziya translyasiyası deputatlarda populizmin artmasına səbəb olacaq). Parlamentin yığıncaqları gur keçir - deputatlar bəyəndiklərini gurultulu alqışlarla və ucadan qışqırıqlarla, etirazlarını isə təpik döyməklə və fit çalmaqla bildirirlər.

Parlamentin iclasına istəyənlərin hamısı buraxılır, ancaq onların sayı 200-ü keçməməlidir. Bu zaman sənəd soruşulmursa da qonaqların üst-başını diqqətlə yoxlayırlar. Hər bir qonaq parlamentin reqlamentinə və gündəliyinə (deputat sorğuları da daxil olmaqla) dair izahatlar olan kitabçanı ala bilər.

İcmalar Palatasının işini hakim partiyanın ən hörmətli deputatlarından seçilmiş spiker idarə edir. O öz vəzifəsini icra edən müddətdə partiyada üzvlüyünü dayandırır. O, deputatlara söz verir (bundan ötrü onlar ayağa dururlar), onların reqlamenti və ədəb normalarını gözləməsinə nəzarət edir. Spiker yerindən qalxanda, danışan susur və palata sakitliyi gözləyir. Bəzi hallar istisna olmaqla (məs. səslər yarıbayarı bölündükdə) spiker səsvermədə iştirak etmir. Spiker çıxış edən deputatdan üzr istəməsini, sözlərini geri götürməsini tələb edə bilər, kobud pozuntu halı olarsa onu iclas zalından birinci dəfə 5 günlüyə, ikinci dəfə 12 günlüyə, sonra isə sessiya qurtaranadək çıxara bilər.


TAM MƏTN ZİP FİLE-dadır

Parlamentarizm Təcrübəsi


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan