Print Version   Download Zip File

"Post-sosialist Məkanında Keçid Dövrünün Onilliyi"

Tərtib edəni: Sabit Bağırov
Sahibkarlığa Yardım Fondu
"Məşvərət Jurnalı"
Bakı, 1998-2002


İçindəkilər

- Post-Sosialist Məkanında Keçid Dövrünün Onilliyi. Marek Dombrovski
- Demokratiya, İdarəetmə və Bazar. Con D. Sallivan
- "Azad İqtisadiyyata Gedən Yol": On İl Sonra. Y. Kornai
- Yeni  Qlobal Maliyyə Memarliği. C.Soros
- Demokratiya Perspektivlər Deməkdir: Müasir İqtisadiyyatın Qurulması. Riçard  L.Leşer


* * *


Post-Sosialist Məkanında Keçid Dövrünün Onilliyi.
Keçmişin Dərsləri Və Gələcəyin Vəzifələri.

Marek Dombrovski,
Sosial və İqtisadi Araşdırmalar
Mərkəzi (Varşava), professor


2001-ci ilin martın 13-14-də Bakıda "Cənubi Qafqaz ölkələrində ictimai siyasət institutlarının inkişafı perspektivləri" mövzusunda keçirilən regional seminardakı məruzə


Hörmətli xanımlar və cənablar. Çıxışımda Mərkəzi və Şərqi Avropa, Baltika, Qafqaz və Orta Asiya ölkələri də daxil olmaqla bizim bütün bölgə üzrə dəyişikliklərin nəticələrinin qısa şərhinin verilməsinə cəhd göstəriləcək. Mən ölkələrin müxtəlif qruplarının nəticələrinin qısa səciyyəvi xüsusiyyətlərindən başlayacağam, sonra isə biz dəyişikliklərin iqtisadi strategiyasının qiymətləndirilməsinə keçəcəyik. Çıxışımın əsas - üçüncü hissəsi daxili-siyasi, geosiyasi və digər obyektiv amillərin dəyişilmə prosesindəki roluna aiddir və nəhayət, dəyişilmə prosesinin perspektivləri haqqında qısa söhbət olacaq.

90-cı illərin əvvəlində planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid yoluna qədəm qoymuş 26-27 ölkəyə və onların son 10 ildə əldə etdikləri nəticələrə nəzər salsaq biz kobud reytinqlə ölkələrin 3 qrupunu ayıra bilərik. Mərkəzi Avropa və Baltika ölkələri lider ölkələr sayıla bilər. Balkan bölgəsi ölkələrini 2-ci, orta qrupa aid etmək olar. Nəhayət, 3-cü qrupa bu reytinq üzrə, təəssüf ki, dəyişikliklərdə geri qalmış adlandırılan ölkələr aiddir. Bunlar Müstəqil Dövlətlər Birliyi, yəni keçmiş SSRİ ölkələridir (Baltikyanı ölkələr və Monqolustan istisna olmaqla). Mən bu qrupda həmin prosesdə xüsusilə çox geridə qalmış ölkələrin yarımqrupunu ayırmaq istərdim. Bu ölkələrdə hələ indiyə qədər, yaxud ümumən bazar iqtisadiyyatı və demokratiyaya ciddi dəyişilmə prosesi başlanılmayıb. Bunlar Türkmənistan və Özbəkistandır, yaxud, məsələn, proses gec başlayıb və sonra kəskin şəkildə geriyə dönüb - Belarus.

Mərkəzi Avropa və Baltikyanı lider ölkələri nə ilə səciyyələnir?

Birincisi, istehsalın səviyyəsinin 90-cı illərin əvvəlindəki azmüddətli, ancaq dərin enməsindən sonra bu ölkələr nisbətən yüksək və sabit iqtisadi artıma nail olub.

İkincisi, bu ölkələrin əksəriyyəti inflyasiyanın aşağı və sabit səviyyəsiylə səciyyələnir.

Üçüncüsü, iqtisadiyyatın monetarlaşmasının orta, yaxud yüksək səviyyəsidir. Qeyri-iqtisadçılar üçün qeyd edim ki, iqtisadiyyatın monetarlaşması pul aqreqatlarının ÜDM-ə olan nisbətidir. Pul kütləsinin ÜDM-ə olan nisbəti tez-tez istifadə olunan göstəricidir. Onun qiymətinin yüksəkliyi milli valyutaya daha yüksək inamı və həmin iqtisadiyyatın daha sabit makro-iqtisadi təməlini göstərir.

Bu ölkələr qrupunun dördüncü səciyyəvi xüsusiyyəti dövlətin gəlir və xərclərinin yüksək səviyyəsində fiskal çatışmazlığın nisbətən aşağı səviyyədə olmasıdır. Xüsusilə də bunlar Macarıstan, Sloveniya, Polşa, Çexiya, Xorvatiya kimi ölkələrdir. Onların prinsipcə, bir tərəfdən, yetərincə sağlam dövlət maliyyəsinə var. Deməli, orada, məsələn, Sloveniya və Estoniyadakı kimi çatışmazlıq yoxdur, yaxud çatışmazlığın səviyyəsi qiymətli kağızlar bazarındakı alınmalardan maliyyələşə bilir. Bu zaman həmin ölkələrdə iqtisadi artım sayəsində borcun ÜMD-ə olan nisbəti azalır. Başqa tərəfdən isə, deyilməlidir ki, bu ölkələrdə ümumdaxili məhsulun dövlət maliyyələşdirmə sistemi vasitəsilə yenidən bölüşdürülməsinin səviyyəsi, ümumiyyətlə, prinsipcə çox yüksəkdir. Deməli, bu ölkələr sanki postkommunist sosial dövləti adlandırıla bilən sindromla səciyyələnir. Bu ölkələrdə sosial proqramlar çox yüksək səviyyədədir və prinsipcə Qərbi Avropa və Skandinaviyanın ən inkişaf etmiş ölkələrindəki səviyyəyə çox yaxındır. Mən sosial proqramların keyfiyyətini deyil, həcmini nəzərdə tuturam.

Bu ölkələr üçün səciyyəvi olan beşinci xüsusiyyət əsas bazar institutlarının yaradılmasıdır.

Növbəti səciyyəvi xüsusiyyət bu ölkələrin Avropa İttifaqı ilə çulğaşması və bir neçə yaxın ildə Avropa İttifaqına gerçəkdən daxil olma perspektividir.

Burada qeyd etmək çox maraqlı olardı ki, 90-cı illərin başlanğıcınadək keçmiş Yuqoslaviya ölkələri istisna olmaqla, bu ölkələrin hamısının iqtisadiyyatı SSRİ iqtisadiyyatı, Rusiya iqtisadiyyatı ilə çox güclü ticarət və istehsal əlaqələrilə bağlıydı. Buna baxmayaraq, onlar dəyişikliyin ilk illərində öz xarici iqtisadi əlaqələrini ən əvvəl Avropa İttifaqı və ümumiyyətlə, Qərbin inkişaf etmiş ölkələri istiqamətində yenidən qurdu. Bu ölkələr həmçinin liberal sahibkarlıq mühiti qura bildi. Bu ölkələrin əksəriyyətində iqtisadi artımın başlıca hərəkətverici qüvvəsi yenicə yaradılan və tez artan kiçik və orta müəssisələr oldu. Bu isə sahibkarlığa yaxşı şərait yaradılmasına dəlalət edir. Halbuki hər bir ölkədə hələ də mövcud olan çoxsaylı inzibati maneələri göstərmək olardı.


TAM MƏTN ZİP FİLE-dadır

"Post-sosialist Məkanında Keçid Dövrünün Onilliyi"


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan