Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


56. AZƏRBAYCAN XALQ CƏBHƏSİ

Azərbaycan tarixində elə bir kütləvi hərəkat tapmaq çətindir ki, ölkənin mənəvi və siyasi simasını Azərbaycan Xalq Cəbhəsi (1988-1992) kimi bu qədər dəyişdirmiş, təzələmiş olsun.  İlk dəfəydi ki, əhalinin ən geniş təbəqələri tarixin obyekti kimi deyil, subyekti kimi çıxış edərək öz müqəddəratını həll etmək cəsarətində bulunmuşdu.  Yüz illər boyu "ağzına su alıb oturmuş" sadə insan, nəhayət, dilə gəlmişdi. Onun ilk sözləri, ilk nitqi bəlkə də kimlər üçünsə naşı və qaba görünə bilərdi, lakin azadlıq tərəfdarları üçün bu sözlər sehrli musiqi kimi səslənirdi.  Hər bir müəssisədə, hətta əldən-ayaqdan uzaq kiçik yaşayış məntəqələrində də AXC şöbələri öz-özünə yaranırdı. Təbii şəkildə qurulan yığıncaqlarda ilk azad müzakirələr, ilk azad seçkilər keçirilirdi.  Əhali (yalnız ziyalı qrupları yox) özünün tarixlə sıx əlaqəsini, öz işi, öz əməliylə bu tarixin çox mühüm bir olayını törətdiyini və ölkə qarşısında öz məsuliyyətini duymağa başlayırdı.  Beləcə, bənzərsiz hisslər, ehtiraslar, ümidlər içində ilk Azərbaycan vətəndaşı doğulurdu.

AXC-nin himayəsi altında azad mətbuat yaranmağa başladı.  Sarsıntılar və tərəddüdlər içində çapalayan qondarma hökumətin ölkəni erməni təcavüzündən qorumaqda aciz qaldığı aşkar olduqda isə insanlar AXC-nin qaldırdığı üçrəngli bayrağın altında könüllü olaraq axın-axın cəbhəyə yollandılar. 

Tarixə və mənəvi dəyərlərə yenidən baxılır, xalqa zorla sırınmış adlar dəyişdirilirdi. AXC-nin mahiyyəti həm insanın, həm də xalqın öz müqəddəratını təyin etməsi uğrunda hərəkatdan ibarət idi.  AXC ölkədə yeni, indiyəcən bənzəri olmayan ictimai məkan yaratdı - elə bir məkan ki, burada hər bir insan əslində olduğu kimi, istədiyi kimi yaşamaq imkanı qazandı.

Dünya tarixindən yaxşı məlumdur ki, böyük miqyaslı, köklü dəyişikliklər ilk çağlarda müəyyən sarsıntılara, çaxnaşma və xaosa səbəb olur. Bizdə də bunsuz ötüşülmədi.  O da məlum məsələdir ki, "heç bir təşkilat onu təmsil edən üzvlərindən yaxşı ola bilməz".  Və AXC ümummilli hərəkat kimi öz üzvlərinin, yəni Sovet Azərbaycanı vətəndaşlarının özlərində daşıdıqları ziddiyyətləri daşıyırdı... 

AXC 1989-cu ilin əvvəllərində, əsasən Elmlər Akademiyasının və yaradıcı ziyalıların nümayəndələrindən ibarət demokratik və vətənpərvər ruhlu bir neçə müstəqil intellektual qrupun birləşməsindən yarandı.  16 iyul 1989-cu ildə yarıleqal vəziyyətdə olan AXC öz təsis konfransını keçirdi və Proqramını qəbul etdi; bu Proqramın məqsədləri müəyyən mənada həmin dövrdə SSRİ-yə başçılıq edən M. Qorbaçovun elan etdiyi demokratik islahatlar proqramı ilə səsləşirdi.

Heç ikicə ay keçməmiş AXC elə bir kütləvi ümummilli hərəkata çevrildi ki, artıq  respublika hakimiyyəti də, Kreml də onun öhdəsindən gəlməkdə büsbütün aciz idi.  AXC getdikcə federasiyasını yeniləşdirmək, "insaniləşdirmək" uğrunda hərəkatdan qarşısına müstəqilliyə nail olmaq məqsədi qoymuş hərəkata çevrildi.  Hətta 1990-cı ilin yanvarında Azərbaycana yeridilmiş sovet qoşunları da bu hərəkatın qarşısını ala bilmədi.  Artıq yarım ildən sonra öz qüvvəsini bərpa edib dirçəlmiş, sıralarını möhkəmləndirmiş AXC 1990-cı il sentyabrın 2-nə təyin olunmuş ilk parlament seçkilərində hakim Kommunist Partiyası ilə mübarizə aparmağa tam hazır idi.  Hökumət AXC ətrafında birləşmiş demokratik koalisiyanın üzvlərinə yerlərin vur-tut 10 faizini tutmağa imkan verdi, lakin əhalinin coşğunluqla dəstəklədiyi bu "bir ovuc" demokrat deputat çoxsaylı parlamentdə kəsərli qüvvə olub, böyük nüfuza malik idi.  Məhz onların fəal mübarizəsi, səngiməyən təzyiqi altında parlament 1991-ci il sentyabrın 18-də "Azərbaycanın müstəqilliyinin bərpa edilməsi haqqında Konstitusiya Aktı" qəbul etdi.  Parlament həmçinin İttifaqın iqtisadi müqaviləsini imzalamaq istəmədi və Azərbaycan deputatlarının SSRİ Ali Sovetində iştirakını oraya cəmi bir neçə müşahidəçi göndərməklə məhdudlaşdırdı.  1991-ci il oktyabrın 18-də Azərbaycan özünün tam dövlət müstəqilliyini elan etdi.

Təsis qurultayında qəbul olunmuş AXC Proqramı yüz minlərcə nüsxədə ölkənin hər yerinə yayıldı.  Müzakirələr və tənqid üçün açıq saxlanılmış bu Proqram yerlərdə və müstəqil mətbuatda geniş əks-səda və diskussiyalar doğurdu.  AXC Proqramı ölkənin siyasi fikir tarixində yeni səhifə, yeni söz oldu.  Əhali hüquqi dövlət, mülki cəmiyyət və dövlətin əzməyə haqqı olmadığı əsas insan hüquqları haqqında ilk dərsi ondan aldı.

İstiqlaliyyət elan olunduğu məqamdan on il ötməsinə, ölkənin demokratik qüvvələrinin təkidli səy və cəhdlərinə baxmayaraq, AXC Proqramında əks olunmuş hüquq və azadlıqlar hələ də reallaşaraq həyata keçməyib.  Bu sözlər hələ də dodaqlarda şirin və acı tam kimi qalmaqdadır. 

Lakin insan hüquqları uğrunda mübarizə davam edir. Bu gün Azərbaycanda bu mübarizəni onlarca siyasi, ictimai və hüquq müdafiəsiylə məşğul olan təşkilat aparır.  Bu təşkilatların, demək olar ki, hamısı AXC ümummilli hərəkatının "bətnindən" çıxıb, onların proqramları isə indiyəcən özündə Xalq Cəbhəsinin 16 iyul 1989-cu ildə qəbul etdiyi ilk Proqramın ruhunu və "möhürünü" daşıyır.

* * *

AZƏRBAYCAN XALQ CƏBHƏSİNİN PROQRAMI
(16 iyul 1989)


...6.  İnsan hüquqları

Cəmiyyətimiz öz vətəndaşlarının iqtisadi və sosial hüquqlarını qorumağa böyük səy göstərmişdir.  Bununla belə, vətəndaşların qanunlarda elan edilmiş siyasi hüquq və azadlıqlarının təmin edilməsi arxa cərgəyə keçmişdir.  Əslində xalq dövlətin idarəsində iştirak etmək imkanından məhrum olmuşdur.  Bu, siyasi sistemimizin insanlıqdan uzaq düşməsi və iqtisadiyyatımızın dərin böhranına gətirib çıxarmışdır.  Belə şəraitdə vətəndaşların iqtisadi və sosial hüquqları da artıq qorunmur.  Aydın olmuşdur ki, siyasi azadlıq və iqtisadi uğur üzvi birlik təşkil edir və buna görə də cəmiyyətimizin ən əsas vəzifəsi vətəndaşların bütün hüquq və azadlıqlarının genişləndirilməsi və təmin edilməsidir. 


6.1  AXC insanın azadlığını ən yüksək ümumbəşəri sərvət sayır.  Məhz insanın azadlığını, təkcə rifah halını yox. 
 
 
6.2  Heç bir ictimai mənafe hər hansı şəxsin hüquqlarının pozulmasına bəraət qazandıra bilməz.  AXC belə hesab edir ki, siyasi hüquq və azadlıqlar yalnız çoxluğa deyil, hər bir fərdə mənsubdur.
 
 
6.3  Xalq öz suveren hüquqlarından istifadə edərək öz dövlətini yaradır və dövlətin üzərinə xalqın hüquq və azadlığını qorumaq vəzifəsini qoyur.  AXC Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarını BMT Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə, beynəlxalq paktlara və onlara şamil edilmiş sazişlərin maddələrinə uyğun təmin edilməsini tələb edir. 
 
 
6.4  AXC demokratik ictimai təşkilatların yaranmasına və fəaliyyətinə mane olan bütün siyasi və bürokratik maneələrin ləğv edilməsini, vətəndaşların dinc mitinq, nümayiş və yığıncaq keçirmək hüquqlarının əməli olaraq həyata keçməsini tələb edir. 
 
 
6.5  AXC insanın hərəkət azadlığı və yaşayış yeri seçmək hüququnun təmin edilməsini tələb edir.  Respublikamızdakı pasport rejimi ləğv edilməlidir. 
 
 
6.6  Məhkəmə prosesi "müttəhimin günahsızlığı" prinsipindən çıxış etməlidir.  AXC vəkillərin cinayətdə təqsirləndirilən şəxsin ilk istintaqında iştirakının təmin edilməsinə, demokratik ölkələrin əksəriyyətində qəbul edilmiş andlılar məhkəməsi sisteminin yaradılmasına çalışır. 
 
 
6.7  AXC vətəndaşlara vəzifəli şəxslərin tək və ya birgə qəbul olunmuş qərarlarından məhkəməyə şikayət etmək hüququnu tələb edir...


6.9  AXC insan hüququnun əsasını təşkil edən vicdan azadlığına və dini etiqadın sərbəstliyinə sözsüz riayət etməyi tələb edir.  Bütün dini abidələr bərpa edilib dindarların ixtiyarına verilməlidir. 


6.10  AXC hesab edir ki, sovet ordusunda mövcud xidmət qaydaları "yeni təfəkkür" tələblərinə cavab vermir.  Hərbi xidmətdə olan gənclərin mülki hüquqlarının və həyatının qorunmasına təminat güclənməlidir. Azərbaycanda yaşayan xalqların nümayəndələrindən zabitlər hazırlanması genişlənməlidir. Azərbaycan vətəndaşları səhhətlərinin qorunması məqsədilə hərbi mükəlləfiyyəti Azərbaycan SSR ərazisində keçməlidirlər.     
 
 
6.11  AXC hərbi xidmətdə olan Azərbaycan SSR vətəndaşlarının SSRİ Ali Sovetinin elan etmədiyi müharibə və ya hərbi əməliyyatlarda iştirak etməsinin qəti qadağan olunmasını tələb edir. 
 
 
6.12  Respublikamızın məhkum olunmuş vətəndaşları həbs cəzasını Azərbaycan SSR ərazisində çəkməlidirlər.

 

Azadlıq qəzeti, No-1,
24.12.1989

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan