Print Version   Download Zip File

Mülki və Siyasi Hüquqlar Haqqında
Beynəlxalq Pakta dair
Qeyriməcburi Protokol

Baş Məclisin 2200A(XX1) saylı 16 dekabr 1966-cı il tarixli
qətnaməsi ilə qəbul edilmiş və imzalanmaq, təsdiq edilmək və qoşulmaq üçün açıqdır
Qüvvəyə Minməsi: 9-cu maddəyə müvafiq olaraq 23 mart 1976-cı il

Bu Protokolda iştirak edən dövlətlər gələcəkdə mülki və siyasi hüquqlar haqqında Paktın (bundan sonra "Pakt" adlandırılacaq) məqsədlərinə nail olmaq və onun qərarlarını həyata keçirmək üçün Paktın IV hissəsi əsasında yaradılan insan hüquqları Komitəsinə bundan sonra "Komitə" adlandırılacaq) bu Protokolda nəzərdə tutulduğu kimi, Paktda ifadə edilmiş hər hansı hüququnun pozulmasının qurbanı olmasını iddia edən ayrı-ayrı şəxslərdən məlumat almaq və onlara baxmaq imkanı verilməli olduğunu nəzərə alaraq, aşağıdakılar barəsində razılığa gəlmişlər:
Maddə 1
Paktın bu Protokolun iştirakçısı olan iştirakçı-dövləti Komitənin bu iştirakçı-dövlətin yurisdiksiyasında olan və bu Paktda ifadə olunmuş hər hansı hüququnun həmin dövlət tərəfindən pozulmasının qurbanı olduğunu iddia edən şəxslərdən məlumat almaq və onlara baxmaq səlahiyyətini tanıyır. Komitə Paktın bu Protokolun iştirakçısı olmayan iştirakçı-dövləti barəsində heç bir məlumat qəbul etmir.
Maddə 2
Paktda sadalanan hüquqlardan hansınınsa pozulduğunu və  daxili hüquqi müdafiə vasitələrinin tükəndiyini iddia edən şəxslər, 1-ci maddənin müddəalarına riayət etmək şərtilə, baxılmaq üçün Komitəyə. yazılı məlumat təqdim edə bilərlər.
Maddə 3
Komitə bu Protokola müvafiq olaraq təqdim edilən hər hansı məlumatı, anonim edildikdə, yaxud onun fikrincə, belə məlumat vermək hüququndan sui-istifadə olunduğu, yaxud Paktın müddəaları ilə bir. araya sığmadığı təqdirdə məqbul sayıla bilər.
Maddə 4
1. Komitə bu Protokola əsasən, 3-cü maddənin müddəalarına riayət edilmək şərtilə, ona təqdim olunmuş hər hansı məlumatı bu Protokolun Paktın hər hansı müddəasını pozduğu iddia edilən iştirakçı-dövlətinin nəzərinə çatdırır.
2. Bildiriş alan dövlət altı ay ərzində Komitəyə bu məsələni aydınlaşdıran və həmin dövlətin gördüyü (əgər görübsə) və görə biləcəyi tədbirlər barəsində yazılı izahat, yaxud bəyanat təqdim edir.
Maddə 5
1. Komitə bu Protokola müvafiq olaraq alınmış məlumatları, ayrıca şəxs və maraqlı iştirakçı-dövlət tərəfindən təqdim olunmuş bütün yazılı məlumatlar nəzərə alınmaqla, araşdırır.
2. Komitə aşağıdakıları yəqin etməyincə ayrı-ayrı şəxslərin məlumatına baxmır:
a) bu məsələyə digər müvafiq beynəlxalq təhqiqat, yaxud tənzimləmə proseduraları ilə baxılmadığını;
b) məlum şəxsin bütün mümkün daxili hüquqi müdafiə vasitələrinin tükəndiyini. Bu qayda həmin vasitələrin tətbiqi əsassız süründürüldüyü hallarda işləmir.
3. Komitə bu Protokolda nəzərdə tutulan məlumatlara baxıldıqda qapalı iclaslar keçirir.
4; Komitə öz mülahizələrini müvafiq iştirakçı-dövlətə və şəxsə bildirir.
Maddə 6
Komitə Paktın 45-ci maddəsində nəzərdə tutulan illik məruzəsinə özünün bu Protokola müvafiq fəaliyyəti barədə qısa hesabat daxil edir.
Maddə 7
Bu Protokolun müddəaları Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 14 dekabr 1960-cı il tarixli 1514(XV) saylı qətnaməsi ilə qəbul edilmiş Müstəmləkə ölkələrinə və xalqlarına istiqlaliyyət verilməsi haqqında bəyannaməsinin məqsədlərinə nail olunanadək Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin və Birləşmiş Millətlər Təşkilatının və onun ixtisaslaşdırılmış idarələrinin digər beynəlxalq konvensiyalarının və sənədlərinin həmin xalqlara verdiyi petisiya hüququnu qətiyyən məhdudlaşdırmır.
Maddə 8
1. Bu Protokol Paktı imzalamış hər bir dövlətin imzalaması üçün açıqdır
2. Bu Protokol Paktı təsdiq etmiş, yaxud ona qoşulmuş hər bir dövlət tərəfindən təsdiq edilməlidir. Təsdiqetmə fərmanları saxlamaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə verilməlidir.
3. Bu Protokol Paktı təsdiq etmiş, yaxud ona qoşulmuş hər bir dövlətin qoşulması üçün açıqdır.
4. Qoşulma bu haqda sənədin Birləşmiş Millətlər Təşkilatının Baş katibi yanında depozitə qoyulması ilə həyata keçirilir.
5. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Protokolu imzalamış, yaxud ona qoşulmuş dövlətlərə hər bir təsdiqetmə fərmanının, yaxud qoşulma sənədinin depozitə qoyulması barədə məlumat verir 
Maddə 9
1. Pakt qüvvəyə mindiyi təqdirdə bu Protokol onuncu təsdiqetmə fərmanı, yaxud qoşulma haqqında sənəd Birləşmiş Millətlər Təşkilatı Baş katibinin yanında depozitə qoyulduğu gündən üç ay sonra qüvvəyə minir.
2. Bu Protokolu onuncu təsdiqetmə fərmanı, yaxud qoşulma haqqında sənəd depozitə qoyulduqdan sonra təsdiq edən, yaxud ona qoşulan hər bir dövlət üçün bu Protokol həmin dövlətin özünün təsdiqetmə fərmanı, yaxud qoşulma haqqında sənədi depozitə qoyulduğu gündən üç ay sonra qüvvəyə minir.
Maddə 10
Bu Protokolun qərarları heç bir məhdudiyyət qoyulmadan, yaxud istisnalar edilmədən federativ dövlətlərin bütün tərkib hissələrinə şamildir.
Maddə 11
1. Bu Protokolun iştirakçısı olan hər bir dövlət düzəlişlər təklif edə və onları Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim edə bilər. Sonra Baş katib təklif olunan hər bir düzəlişi bu Protokolun iştirakçı-dövlətlərinə göndərərək, onlardan həmin təkliflərə baxmaq və səsə qoymaq məqsədilə iştirakçı-dövlətlərin konfransının çağırılmasına razı olub-olmadıqlarını bildirməyi xahiş edir. İştirakçı-dövlətlərdən azı üçdə biri belə konfransın çağırılmasına razılığını bildirsə, Birləşmiş Millətlər Təşkilatının Baş katibi həmin konfransı Birləşmiş Millətlər Təşkilatının himayəsində çağırır. Bu konfransda və səsvermədə iştirak edən iştirakçı-dövlətlərin əksəriyyəti tərəfindən qəbul edilən hər bir təklif təsdiq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinə təqdim olunur.
2. Düzəlişlər Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində təsdiq olunduqdan və bu Protokolda iştirak edən dövlətlərin,
onların konstitusiya prosedurlarına müvafiq olaraq, üçdə ikisinin çoxluğu ilə qəbul edildikdən sonra qüvvəyə minir.
3. Düzəlişlər qüvvəyə mindikdə onları qəbul edən iştirakçı-dövlətlər üçün icbari olur. Digər iştirakçı-dövlətlər üçün isə bu Protokolun qərarları və onların qəbul etdikləri bütün əvvəlki düzəlişlər icbari olaraq qalır.
Maddə 12
1. Hər bir iştirakçı-dövlət istənilən vaxt Birləşmiş Millətlər Təşkilatı Baş katibinin adına yazılı bildirişlə bu Protokolu denonsasiya edə bilər. Denonsasiya Baş katib bu barədə bildiriş alan gündən üç ay sonra qüvvəyə minir.
       2. Denonsasiya bu Protokolun müddəalarının, 2-ci maddəyə müvafiq olaraq, onun qüvvəyə mindiyi tarixə qədər təqdim   olunmuş hər hansı məlumata tətbiqini davam etdirməyə mane olmur.
Maddə 13
Bu Protokolun 8-ci maddəsinin 5-ci bəndinə müvafiq edilən bildirişlərdən asılı olmayaraq Birləşmiş Millətlər Təşkilatının Baş katibi Paktın 48-ci maddəsinin 1-ci bəndində haqqında danışılan bütün dövlətlərə aşağıdakılar barədə məlumat verir:
a) 8-ci maddəyə əsasən imzalamalar, təsdiqetmələr və qoşulmalar;
b) 9-cu maddəyə əsasən bu Protokolun qüvvəyə minmə tarixi və 11-ci maddəyə əsasən hər hansı düzəlişin qüvvəyə minmə tarixi;
c) 12-ci maddəyə əsasən denonsasiyalar. 
Maddə 14
1. İngilis. ispan, çin, rus və fransız dillərindəki mətnləri eyni qüvvəyə malik olan bu Protokol saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının arxivinə verilməlidir.
2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Protokolun təsdiq olunmuş surətlərini Paktın 48-ci maddəsində göstərilən dövlətlərə göndərir.

* * *
.

  

Mülki və Siyasi Hüquqlar Haqqında
Beynəlxalq Pakta dair
Qeyriməcburi Protokol


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan