Print Version   Download Zip File

BMT-nin Mülki və Siyasi Hüquqlar Haqqında Pakt

Baş Məclisin 2200A(XX1) saylı 16 dekabr 1966-cı il tarixli qətnaməsi
ilə qəbul edilmişdir və imzalanmaq, təsdiq edilmək və qoşulmaq üçün açıqdır

Qüvvəyə Minməsi: 49-cu maddəyə müvafiq olaraq 23 mart 1976-cı il


PREAMBULA

Bu  Paktda  iştirak edən  dövlətlər
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində elan edilmiş prinsiplərə müvafiq olaraq bəşər nəslinin bütün üzvlərinə məxsus ləyaqətin və onların bərabər və ayrılmaz hüquqlarının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu nəzərə alaraq,
həmin hüquqların insan şəxsiyyətinə məxsus olan ləyaqətdən doğduğunu etiraf edərək,
İnsan Hüquqları Haqqında Ümumdünya bəyannaməyə əsasən mülki və siyasi azadlıqdan istifadə edən və qorxu və ehtiyacdan azad insan şəxsiyyəti idealının yalnız hər kəsin öz iqtisadi, sosial və mədəni, eləcə də mülki və siyasi hüquqlarından istifadə edə bilməsi üçün şərait yaradıldığı təqdirdə həyata keçirilə biləcəyini etiraf edərək,
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə görə dövlətlərin insanın hüquq və azadlıqlarına hamılıqla hörmət edilməsini təşviq etməyə və onlara riayət olunmasına yardım göstərməyə borclu olduqlarını nəzərə alaraq,
ayrılıqda hər bir insanın başqalarına və mənsub olduğu kollektivin üzvlərinə münasibətdə vəzifələr daşıyaraq, bu Paktda tanınan hüquqların təşviq edilməsinə səy göstərməli olduğunu nəzərə alaraq,
aşağıdakı maddələrlə  razılaşırlar:

I HİSSƏ
Maddə 1
1. Bütün xalqlar öz müqəddəratını təyin etmək hüququna malikdir. Onlar 6u hüquqa əsasən öz siyasi statuslarını azad şəkildə müəyyən edir və özlərinin iqtisadi, sosial və mədəni inkişaflarını azad surətdə təmin edirlər.
2. Bütün xalqlar öz məqsədlərinə çatmaq üçün öz təbii sərvətləri və ehtiyatları barəsində qarşılıqlı mənfəət prinsipinə və beynəlxalq hüquqa əsaslanan beynəlxalq iqtisadi əməkdaşlıqdan irəli gələn hər hansı öhdəliyə zərər yetirmədən azad sərəncam verə bilərlər. Heç bir xalq heç bir vəchlə ona məxsus yaşayış vasitələrindən məhrum edilə bilməz.
3. Bu Paktda iştirak edən bütün dövlətlər, o cümlədən özünü idarə etməyən və qəyyumluq altında olan ərazilərin idarə olunması üçün məsuliyyət daşıyan dövlətlər Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin müddəalarına əsasən xalqların öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsini təşviq etməli və ona hörmət bəsləməlidirlər.

II HİSSƏ
Maddə 2
1. Bu Paktda iştirak edən hər bir dövlət onun ərazisi hüdudlarında və onun yurisdiksiyasında olan bütün şəxslərin bu Paktda elan olunan hüquqlarına heç bir cəhətdən, o cümlədən irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli, yaxud sosial mənşəyi, mülki vəziyyəti, doğuluşu, yaxud digər hallar baxımından fərq qoyulmadan hörmət etməyi və onların təmin olunmasını öhdəsinə götürür.
2. Əgər hələlik mövcud qanunvericilik tədbirlərində, yaxud digər tədbirlərdə nəzərdə tutulmamışsa, bu Paktda iştirak edən dövlətlər öz ölkələrinin konstitusiya prosedurlarına və bu Paktın müddəalarına müvafiq olaraq bu Paktda elan olunmuş hüquqların həyata keçirilməsi üçün zəruri ola biləcək belə qanunvericilik tədbirlərinin və digər tədbirlərin qəbul edilməsi üçün lazımi ölçü götürməyi öhdələrinə alırlar.
3. Bu Paktda iştirak edən hər bir dövlət aşağıdakıları öhdəsinə götürür:
a) bu Paktda elan olunmuş hüquq və azadlıqları pozulmuş şəxsi, həmin pozuntu rəsmi səviyyədə hərəkət edən şəxslər tərəfindən törədilmişsə də, təsirli hüquqi müdafiə vasitələri ilə təmin etmək;
b) belə müdafiəyə ehtiyacı olan hər bir şəxsin hüquqi müdafiə hüququnun səlahiyyətli məhkəmə, inzibati, yaxud qanunvericilik hakimiyyəti orqanları, yaxud dövlətin hüquq sisteminin nəzərdə tutduğu dikər səlahiyyətli orqan tərəfindən bərqərar olmasını təmin etmək və məhkəmə müdafiəsinin imkanlarını inkişaf etdirmək;
c) nəzərdə tutulduğu hallarda, səlahiyyətli hakimiyyət orqanlarının hüquqi müdafiə vasitələrinin tətbiq olunmasını təmin etmək;
Maddə 3
Bu Paktda iştirak edən dövlətlər kişilər və qadınlar üçün bu Paktda nəzərdə tutulan bütün mülki və siyasi hüquqlardan bərabər surətdə istifadə olunmasını təmin etməyi öhdələrinə götürürlər.
Maddə 4
1. Dövlətdə millətin taleyini təhlükədə qoyan və mövcudluğu haqda rəsmi surətdə elan edilmiş fövqəladə vəziyyət yarandıqda, bu Paktda iştirak edən dövlətlər Pakt üzrə öhdəliklərindən geriçəkilmə; tədbirləri qəbul edə bilər, lakin bu, vəziyyətin kəskinliyinin tələb etdiyi dərəcədə, belə tədbirlərin onların beynəlxalq hüquqa dair digər öhdəliklərinə zidd olmaması və müstəsna olaraq irq, dərisinin rəngi, cins, dil, din, yaxud sosial mənşə əsasında ayrı-seçkiliyə gətirib çıxarmaması şərtilə olmalıdır.
2. Bu müddəa 6, 7, 8(1-ci və 2-ci bəndlər), 11, 15, 16 və 18-ci maddələrdən hər hansı bir şəkildə geriçəkilmə üçün əsas ola bilməz.
3. Bu Paktda iştirak edən hər bir dövlət geriçəkilmə hüququndan istifadə etdikdə, dərhal həmin Paktda iştirak edən digər dövlətlərə geri çəkildiyi müddəalar və onu belə geriçəkilməyə vadar edən səbəblər haqqında Birləşmiş Millətlər Təşkilatının Baş katibi vasitəsilə məlumat verməlidir. Eləcə də, həmin vasitəçi ilə onun bu geriçəkilməyə xitam verdiyi tarix bildirilməlidir.

TAM MƏTN ZİP FİLE-dadır

  

BMT-nin Mülki və Siyasi Hüquqlar Haqqında Pakt


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan