Print Version   Download Zip File

Robert A. Dahl
"Demokratiya
Haqqında"
FAR CENTRE


II HİSSƏ. İdeal Demokratiya


4-cü FƏSİL.
Demokratiya nədir? 

Elə məqsədləri var ki, insan onu təkbaşına əldə edə bilməz.  Lakin o, eyni və ya oxşar məqsədlərə can atan digər insanlarla birləşə, onlarla birlikdə bu məqsədə yetə bilər. 
Gəlin bir anlığa təsəvvür edək ki, müəyyən ümumi məqsədlərə çatmaq üçün siz və daha bir neçə yüz insan hansısa birliyi yaratmaq qərarına gəlibsiniz.  Bu birliyin hansısa konkret planlarını hələlik bir kənara qoyub, fəslin başlığına çıxardığımız sualın üzərində düşünək.  Demokratiya nədir? 
Təsəvvür edək ki, elə birinci yığıncaqda mənsub olduğunuz birliyin bir neçə üzvü bildirir ki, müəyyən bir nizamnamə - konstitusiya hazırlansa pis olmaz.  Onların təklifi qəbul olunur.  Hamı belə hesab edir ki, bu cür işlərdə siz daha səriştəlisiniz, buna görə konstitusiyanın qaralama layihəsini hazırlamaq sizə tapşırılır və bildirilir ki, gələn yığıncaqda layihəni birliyin digər üzvlərinin müzakirəsinə verməlisiniz.  Təklifi hamı bəyənir.
Bu tapşırığı qəbul edərkən siz deyirsiniz:
- Hamınızın tərəfdar olduğu məqsədləri təxminən başa düşürəm, ancaq aydın görə bilmirəm ki, qəbul etdiyimiz qərarları necə yerinə yetirəcəyik.  Məncə, konstitusiyamıza elə bir müddəa daxil edilməlidir ki, ona əsasən aramızda ən bacarıqlı və ən məlumatlı olanlara mühüm qərarları həyata keçirmək hüququ verilə bilsin.  Bu cür müddəalar həm ağıllı qərarların qəbul ediləcəyinə zəmanət verə bilər, həm də qalanlarının vaxtına və gücünə qənaət etmiş olar. 
İndi də təsəvvür edək ki, birliyin üzvləri bu təklifi yekdilliklə rədd edirlər və onlardan biri, onu şərti olaraq Baş Çıxışçı adlandıraq, deyir:
- Birliyin qarşısında duran mühüm məsələləri həll edərkən biz hökmən nəzərə almalıyıq:  bizdən heç kəs o qədər də müdrik deyil ki, onun fikri qalan fikirləri sözsüz üstələyə bilsin.  Hətta indi, bu məqamda hansısa birimiz müzakirə olunan məsələ haqqında daha məlumatlı olsa belə, bu ona heç bir üstünlük vermir, çünki həmin lazımi bilgiləri biz özümüz də əldə edə bilərik.  Buna görə təbii ki, hansısa qərarı qəbul etməzdən öncə bütün məsələləri birgə müzakirə etməliyik.  Biz bu birliyi həm də ona görə yaratmışıq ki, müxtəlif məsələləri müzakirəyə qoyaq, diskussiyalar keçirək və yalnız bundan sonra siyasətimizin yönünü müəyyənləşdirək.  Və biz bu barədə qərarlar qəbul etmək üçün eyni dərəcədə səriştəliyik.  Deməli, hazırlayacağımız konstitusiya məhz bu müddəaya əsaslanmalı və məsələlərin həllində, qərarların çıxarılmasında hər birimizin iştirak etmək hüququna təminat verməlidir.  Adi dildə desək, bu işdə eyni dərəcədə səriştəli olduğumuza görə bu birliyə demokratik əsaslar üzrə rəhbərlik etməliyik.


TAM MƏTN ZİP FİLE-dadır

Robert A. Dahl
"Demokratiya
Haqqında"
FAR CENTRE


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan