Print Version   Download Zip File

Robert A.  Dahl
"Demokratiya
Haqqında"
FAR CENTRE

 

IV HİSSƏ. Əlverişli və əlverişsiz şərtlər


12-ci FƏSİL.
Demokratiya üçün şərait yaradan əsas şərtlər


XX yüzillikdə demokratiya dönə-dönə məğlubiyyətə uğrayıb.  Demokratik idarəetmə forması yetmiş dəfədən çox yerlə-yeksan olub və onun yerini avtoritar rejimlər tutub (1).  Bununla belə, bu dövr demokratiyanın möhtəşəm uğurları dövrü olub - başa çatmaqda olan XX yüzillik demokratiyanın təntənəsi əsri kimi yadda qalıb; demokratik ideyalar, institutlar və prosedurların dünya miqyasında yayılması və hər şeyi əhatə edən təsiri yaşadığımız yüzilliyi bəşər tarixi ərzində demokratiyanın inkişafının ən faydalı dövrünə çevirib.
Qarşımızda iki nöqteyi-nəzəri əhatə edən iki, daha doğrusu bir sual durur.  Dünyanın bütün bölgələrində olan ölkələrdə bu qədər demokratik institutların yaradılmasını nəylə izah etmək olar?  Və demokratiyanın məruz qaldığı uğursuzluqları nəylə izah etmək olar?  Bu sualın bitkin cavabı olmasa da, demək olar ki, bu və ya digər halda qarşılıqlı əlaqədə olan iki faktorlar qrupu xüsusi əhəmiyyət daşıyır.

ALTERNATİV VARİANTLARIN İFLASI

Birincisi, XX yüzillik ərzində bütün əsas alternativlər demokratiya ilə yarışda "böyük hesabla" uduzublar.  Artıq XX əsrin 20-ci illərindən sonra ideyaları və praktikası çox qədim, az qala bütün dünyada bərqərar olmuş qeyri-demokratik idarəetmə formaları - monarxiyalar, irsi aristokratiyalar, oliqarxiyalar öz legitimliyini və ideoloji qüdrətini həmişəlik itirməyə başladı.  Onları daha geniş sosial bazası olan antidemokratik alternativlər əvəz etdi ki, bunların arasında da ilk növbədə italyan faşizmi, alman nasizmi, leninizm və digər avtoritar ideologiya və rejimlərin müxtəlif növləri göstərilə bilər,  lakin onların çiçəkləmə dövrü uzun sürmədi.  Faşizm və nasizm İkinci dünya müharibəsində "Ox ölkələrinin" (Almaniya, İtaliya, Yaponiya - red.) məğlubiyyəti ilə ölümcül yaralar aldı.  Sonra hərbi diktaturalar iqtisadi, diplomatik və hərbi (Argentinanı yada salaq) uğursuzluqların yükü altında bir-birinin ardınca çökməyə başladı (ilk növbədə Latın Amerikasında).  Və XX yüzilliyin sonuncu onilliyi astanasında demokratiyanın axırıncı və ən güclü rəqibi - sovet kommunist sistemində təcəssüm etmiş leninizm daxili deqradasiya və xarici təzyiq nəticəsində "içindən çürüyərək" yıxıldı.
Soruşula bilər: bundan sonra demokratiya bütün Yer kürəsində özünü təhlükəsiz hiss edə bilərmi? Doğrudanmı, 1919-cu ildə, Birinci dünya müharibəsi qurtardıqdan sonra "demokratiyanı daha heç nə hədələmir" söyləmiş ABŞ prezidenti Vudro Vilsonun nikbin "peyğəmbərliyi" (indi məlum olduğu kimi yanlış mülahizəsi) gerçəkləşməyə başlayıb?


TAM MƏTN ZİP FİLE-dadır

 

 

 


 

Robert A.  Dahl
"Demokratiya
Haqqında"
FAR CENTRE


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan