Print Version   Download Zip File

Robert A. Dahl
"Demokratiya
Haqqında"
FAR CENTRE 


ƏLAVƏ A.
Seçki sistemləri haqqında

Seçki sistemləri barədə daha çox bilmək istəyirsinizsə, Endryu Reynolds və Ben Reylinin qələmə aldıqları "Beynəlxalq seçki sistemləri haqqında məlumat kitabı"ndan başlasanız yaxşıdır; kitab "Demokratiya və seçkilərdə iştirak probleminin öyrənilməsi üzrə Stokholm beynəlxalq institutu"nda nəşr edilib (Andrew Reynolds & Ben Reilly.  The International IDEA: Handbook of Electoral System Design.  Stockholm: International Institute for Democracy and Electoral Assistance, 1997).
Bu kitabda "seçki sistemləri dünyası" üç əsas kateqoriyaya bölünür: plüralist-majoritar sistemlər, proporsional nümayəndəlik (PN) sistemləri, yarıproporsional sistemlər. "Hamısı qalibə çatır" (HQÇ) (11-ci fəsildə bu sistemi PN ilə müqayisə etmişəm) sistemi plüralist-majoritar sistemin dörd növündən biridir.  Onunla yanaşı, həm də preferensial səsvermə kimi tanınan alternativ səsvermə (AS) və Fransada tətbiq edilən iki turluq sistem mövcuddur.
Alternativ səsvermə sistemindən yalnız Avstraliyada (və bir də azacıq dəyişilmiş şəkildə Sakit okean bölgəsində Nauru ada-dövlətində) istifadə olunmasına baxmayaraq, bəzi politoloqlar onu fəal müdafiə edirlər.  Namizədlər birmandatlı dairələr üzrə seçilir (HQÇ-da olduğu kimi), lakin ondan fərqli olaraq seçicilər öz rəğbətlərinə uyğun şəkildə namizədləri bir növ sıraya düzürlər (namizədlər ierarxiyası): siyahıda birinci yeri tutana 1 bal, ikinci yeri tutana 2 bal verilir və s.  Namizədlərdən heç biri səs əksəriyyətinə nail ola bilmədikdə, ən az səs toplamış namizəd sıradan çıxır və o vaxta qədər beləcə davam edir ki, namizədlərdən hansısa biri səslərin 50 faizini toplamış olsun və onda təkrar hesablama zamanı namizədə verilmiş "ikinci yerlərin" cəmi nəzərə alınır. 
Fransada tətbiq edilən "iki turluq" sistem analoji nəticənin əldə olunmasına yönəlib.  O da, AS sistemi də HQÇ sisteminin potensial qüsurunu aradan qaldırmağa imkan yaradır; həmin qüsur ondan ibarətdir ki, bir mandata iki namizəd iddia etdikdə, qələbə gözlənilmədən elə bir namizədə çatır ki, seçicilərə seçim etmək hüququ verilsə idi, onu hökmən rədd edərdilər.  AS sistemi seçicilərə bu cür imkan yaradır.
PN sistemi üç qrupa bölünür.  Bunların arasında ən geniş yayılanı - siyahılı sistemdir ki, onun tətbiqi halında seçicilər namizədləri siyasi partiyaların verdikləri siyahıdan seçirlər; seçilənlərin sayı bu və ya digər namizədin təmsil etdiyi partiyaya verilmiş səslərin sayına tam uyğun olur (faiz nisbətində).
Almaniyada, İtaliyada və bu yaxınlarda Yeni Zelandiyada qəbul edilmiş sistem namizədlərin bir hissəsinin milli siyahı üzrə, yəni proporsional nümayəndəlik əsasında, bir hissəsinin isə birmandatlı dairələr üzrə seçilməsini nəzərdə tutur.  "Siyahı"lı sistemin tərəfdarları sübut etməyə çalışırlar ki, bu sistem PN-ə xas olan proporsional nümayəndəliyi təmin edir və eyni zamanda, parlament əksəriyyətinin formalaşdırılmasının öhdəsindən PN-dən yaxşı və HQÇ-qədər "bacarıqla" gəlir. 
PN sisteminin politoloqlar tərəfindən bəyənilən, lakin nadir hallarda tətbiq edilən (İrlandiya istisna olmaqla, orada bu sistem 1921-ci ildən işlədilir) növlərindən biri - "bir keçici səs" (BKS) sistemidir.  AS-də olduğu kimi burada da seçicilər hər bir namizədin reytinqini müəyyən edirlər, fərq isə bundadır ki, bu sistem çoxmandatlı dairələrdə tətbiq edilir.  Səslərin özünəməxsus hesablanma metodunu (bu metod çox mürəkkəb olduğu üçün burada təsvir edə bilməyəcəyik) tətbiq edən BKS ən yüksək reytinqə malik olan namizədlərin çoxmandatlı dairələrdə yer almasına, habelə bu yerlərin proporsional bölgüsünə təminat verir.  İrlandlar öz sistemlərindən razı qalsalar da, görünür o, mürəkkəbliyi səbəbindən başqa yerlərdə münasib sayılmamışdır.

 

TAM MƏTN ZİP FİLE-dadır

Robert A. Dahl
"Demokratiya
Haqqında"
FAR CENTRE 


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan