Print Version   Download Zip File

AMERİKA HÖKUMƏTİNİN ƏSAS CƏHƏTLƏRİ Riçard Şröder və Natan Qlik ABŞ Məlumat Agentliyi İngiliscədən prof. Aslanov Vaqif tərcümə etmişdir * * * İçindəkilər I Hissə. ..........Konstitusiya sabit sənəd II Hissə. .........Konstitusiyanın şərhi: federalist məktublar III Hissə. ........İcra hakimiyyəti, Prezidentlik səlahiyyətləri IV Hissə. .......Qanunvericilik hakimiyyəti: Konqresin təsir dairəsi V Hissə. .........Məhkəmə hakimiyyəti: Konstitusiyanın izahı VI Hissə. .......Çoxsaylı hökumətlər ölkəsi VII Hissə. ......Amerika hökumətinin əsasları * * * Amerika Hökumətinin Əsas Cəhətləri I HİSSƏ: KONSTİTUSİYA SABİT SƏNƏD AMERİKA RESPUBLİKASININ TƏMƏLİ Birləşmiş Ştatların Konstitusiyası Amerika hökumətinin təməl daşı və ölkənin ali qanunudur. 200 il ərzində o, hökumət idarələrinin təkamülünə yol göstərmiş, siyasi sabitliyin, fərdi azadlığın, iqtisadi yüksəlişin və ictimai tərəqqinin əsasını təmin etmişdir. Amerika Konstitusiyası dünyanın fəaliyyətdə olan ən qədim yazılı konstitusiyasıdır və dünyada bir çox başqa konstitusiyaların yaranması üçün nümunə olmuşdur. Bu Konstitusiyanın fəaliyyətinin yaşarılığı onun sadəliyi və elastikliyi ilə bağlıdır. Başlanğıcda Atlantik okeanın sahili boyu 13 çox müxtəlif müstəmləkənin dördmilyonluq əhalisini idarə etmək üçün təməl kimi yaradılmış bu Konstitusiyanın əsas müddəaları o dərəcədə təkmildir ki, ancaq 26 düzəlişlə o, bu gün Atlantik okeandan Sakit okeana qədər uzanan bir-birindən çox fərqlənən 50 ştatın 240 milyondan artıq əhalisinin ehtiyaclarını ödəyir. Konstitusiyaya aparan yol nə hamar olub, nə də asan. Ancaq uzun və arasıkəsilməz müzakirələrdən və daha əvvəl mövcud olan federal ittifaqın 6 illik təcrübəsindən sonra 1787-ci ildə bir layihə sənədi meydana gəldi. İndi Birləşmiş Ştatlar kimi Ölkənin Şərqində dənizboyu uzanan ərazidə yerləşən 13 Britaniya müstəmləkəsi 1776-cı ildə Britaniyadan asılı olmadığını elan etdi. Bir il əvvəl müstəmləkələrlə Böyük Britaniya arasında müharibə başladı. İstiqlaliyyət uğrunda aparılan bu müharibə 6 dəhşətli il davam etdi. Müharibə davam edə-edə indi özlərini Amerika Birləşmiş Ştatları adlandıran bu müstəmləkələr bir müqavilə tərtib etdilər ki, bu müqavilə vahid xalq kimi onları bir-birinə bağladı. "Konfederasiyanın və Daimi Birliyin Maddələri" adlanan bu müqaviləni ştatların Konqresi 1777-ci ildə qəbul etdi və rəsmi səkildə 1778-ci ilin iyulunda imzaladı. Maddələr 1781-ci ilin martında 13-cü ştat Merilənd tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə mindi. Konfederasiyanın Maddələri ştatlar arasında sərbəst bir birlik yaratdı və çox məhdud hakimiyyət hüququ olan federal bir dövlət təsis etdi. Müdafiə, milli maliyyə və ticarət kimi vacib məsələlərdə federal hökumət ştat qanunvericilik hakimiyyətinin əlinə baxırdı. Bu qurum sabitliyə və güclənməyə təkan verən bir qurum deyildi. 6 ildən bir qədər də az sürən qısa müddətdə Konfederasiyanın zəifliyi hamının gözü qabağında idi. Yeni dövlətin xalqı siyasi və iqtisadi baxımdan xaos bataqlığına yuvarlanırdı. Corc Vaşinqtonun sözləri ilə desək, 13 ştat ancaq "qum kəndiri" ilə birləşmişdi. Birləşmiş Ştatların Konstitusiyası belə bir əlverişsiz şəraitdə yazılmışdı. 1787-ci ilin fevralında respublikanın qanunvericilik orqanı olan Kontinent Konqresi ştatlara müraciət edərək, Maddələri yenidən gözdən keçirmək üçün öz nümayəndələrini Filadelfiyaya göndərməyi təklif etdi. Konstitusion və ya Federal Məclis 1787-ci ilin mayında 11 il əvvəl 1776-cı il iyulun 4-də Müstəqillik Bəyannaməsi qəbul olunduğu istiqlaliyyət zalında çağırıldı. Nümayəndələrə Konfederasiyanın Maddələrinə ancaq düzəliş etmək səlahiyyəti verildiyinə baxmayaraq, onlar Maddələri bir kənara qoydular, tam yeni və daha mərkəzi formada bir dövlət üçün Konstitusiya yaratdılar. Konstitusiya yeni bir sənəd kimi, 1787-ci il sentyabrın 17-də təkmil şəkildə hazırlandı və 1789-cu il martın 4-də rəsmən qəbul olundu. AMERİKA HÖKUMƏTİNİN ƏSAS CƏHƏTLƏRİ

1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan