Print Version   Download Zip File

“ABŞ demokratiyası haqqında əsas mətnlər”. Melvin Urovski Tərcümə və redaktə FAR CENTRE, redaktor Hikmet Hacızadə 

MƏNİM BİR ARZUM VAR!  Martin Lüter Kinq (kiçiyi)

Millətimizin azadlığı uğrunda mübarizə tarixində azman bir hadisə kimi qalası bu nümayişdə sizinlə bir yerdə olduğuma görə xoşbəxtəm! Yüz il bundan əvvəl, rəmzi olaraq abidəsinin kölgəsinə yığışdığımız böyük amerikalı Avraam Linkoln Azadlıq bəyannaməsini imzaladı. Bu əlamətdar sənəd haqsızlığın dözülməz əsarəti altında inləməkdə olan milyonlarla qul-zəncilərin qəlbində ümid işığı yandırdı. Bu, köləliyin uzun gecəsindən sonra sevincə açılan dan yerinə oxşayırdı. Ancaq indi, üstündən yüz il keçəndən sonra müdhiş fakt qarşısında qalmışıq. Belə ki, zənci xalqı hələ də azadlıqdan məhrumdur. Yüz il ötsə də zəncilərin həyatı yenə də ayrı-seçkilik və ögeylik buxovları ilə düyünlənib. Yüz il keçsə də zəncilər yenə tərəqqi okeanının ortasındakı səfalət adasında ömür sürməkdədir. Zənci indi də amerikan cəmiyyətinin lap dibində çürüməkdə, öz ölkəsində qaçqın həyatı yaşamqdadır. Bizim bura bugünkü gəlişimizdə ondan ötrüdür ki, hamının diqqətini bu dəhşətli vəziyyətə cəlb eləyək. Ölkəmizin paytaxtında toplaşmağımız, – bir növ bizə verilmiş çekin ödənişini tələb etməkdir. Yəni, dövlətimizin bünövrəsini quranlar Konstitusiyada və İstiqlal bəyannaməsindəki dəyərli sözlərə imza atmaqla, xalqa, hər bir amerikalının payına düşən ödənişli çek vermiş oldular. Bu, insanlara, bəli, ağlı qaralı bütün insanlara yaşamaq, azadlıq, xoşbəxtlik haqqına zəmanət verən bir öhdəçilik oldu. Bu gün hamıya bəllidir ki, Amerika öhdəçiliyi pozur, hər halda dərisi tünd olan vətəndaşlara verdiyi sözün üstündə dayanmır. Həmin öhdəçiliyə sadiq qalmaq bir qırağa, zənci xalqına verdiyi çek də saxta çıxıb və «zəmanəti yoxdur» dərkənarı ilə ona qaytarılıb. Ancaq biz inanırıq ki, ölkəmizdə ədalət bankı tamamilə iflasa uğramayıb. İnanılmazdır ki, məmləkətimizin əlində olan böyük imkanlar xərclənib qurtarıb. Odur ki, bizə paylanmış çeklərin əsl haqqını, yəni öz azadlığımızı, salamatlıq və ədl payımızı almağa gəlmişik! Həm də bu müqəddəs yerə yığışmaqda bir məqsədimiz də odur ki, məsələnin təxirə salınmazlığını bir daha Amerikaya xatırladaq. Biz bundan beləsinə özümüzü qradualizm həbləri ilə ovundura bilmərik. Vəd verilmiş demokratiyanı həyata keçirməyin vaxtı gəlib çatıb. Seqreqasiyanın qaranlıq dərəsindən irqi ədalətin günəşli yoluna çıxmağın zamanı yetişib.

Tam mətni oxumaq üçün səhifənin yuxarısında yaşıl düyməni basın

“ABŞ demokratiyası haqqında əsas mətnlər”. Melvin Urovski Tərcümə və redaktə FAR CENTRE, redaktor Hikmet Hacızadə 


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan