Print Version   Download Zip File

«ABŞ demokratiyası haqqında əsas mətnlər». Melvin Urovski Tərcümə və redaktə FAR CENTRE, redaktor Hikmət Hacızadə 

VİDA MÜRACİƏTİ, Corc Vaşinqton 

Dostlar və həmvətənlər, Birləşmiş Ştatların icra hakimiyyətinin başçısı vəzifəsinə ölkənin yeni vətəndaşının seçilməsi vədəsi yetişir. Elə bir vədə ki, siz öz sağlam düşüncənizə müraciət edərək, çox yüksək etimada layiq görülən şəxsi seçməlisiniz. Buna görə mənə belə gəlir ki, seçim edəcəyiniz şəxslər sırasında prezident vəzifəsi üçün səsə qoyulmamaq haqqında öz şəxsi qərarımı sizə çatdırmağım yerinə düşərdi, ələlxüsus, bunun, seçkiqabağı durumdan xalqın baş açmasına köməyi dəyərsə … Mən bu mürəkkəb işi yerinə yetirmək üçün öz vəzifəmə başlayarkən, keçirdiyim hisslər haqqında artıq sizə danışmışam. Bu gün bu səlahiyyətləri üstümdən götürərkən, mən sadəcə deyə bilərəm ki, dövlətin təşkili və idarə olunması üçün gücüm çatan hər şeyi etmişəm. Elə ilk gündən bilik və təcrübəmin azlığını (öz gözlərimdə, elə ətrafdakıların gözündə də) bildiyimə görə, mənim özümə inamımı daha da zəiflətmişdi. Və yaşımın günbəgün artan yükü getdikcə daha tez-tez, bu qədər vacib və arzuolunan hesab etdiyim istefanı yadıma salır. Xidmətlərimin müvəqqəti də olsa fayda gətirməsi hissindən məmnuniyyət duyaraq, mən həm də onunla dinclik və təsəlli tapıram ki, düzgün seçim və sağlam düşüncə mənə siyasi meydandan vaxtında getməyi məsləhət görür, vətənpərvərliyim isə buna etiraz etmir… Bəli, getmək vaxtım çatıb. Lakin sizin rifahınız haqqında, mənim həyatımdan sonra da davam edəcək qayğı və bu qayğıya xas olan təhlükə qarşısında qorxu, məni, uzun düşüncə və müşahidələrin bəhrəsi olan bəzi mülahizələrimi sizin mühakimənizə verməyi sövq edir; bu mülahizələr xalqımızın uzun müddətli tərəqqisi üçün mənə çox önəmli görünür… Azadlıq eşqi hər birimizin qəlbinə elə sirayət edib ki, bunu bir daha təkrar və ya təsdiq etməyə heç bir ehtiyac duymuram. Lakin bizi vahid xalq edən dövlət vəhdəti də bizim üçün əzizdir. Bu belə də olmalıdır, çünki vəhdət bizim gerçək müstəqilliyimizin əsas dayağıdır; ölkə daxilində sabitliyin və onun hüdudları kənarında əmin-amanlığın, təhlükəsizliyinizin, firavanlığınızın və nəhayət, bu qədər yüksək qiymətləndirdiyiniz azadlığın təməlidir. Lap öncədən asan görmək olar ki, bizim bu həqiqətə olan inamımızı sarsıtmaq üçün çox şeylər ediləcək, çünki sizin siyasi qalanızda o elə bir mühüm nöqtədir ki, xarici və daxili düşmənlərimizin bütün həmlələri ona qarşı yönəldiləcəkdir (baxmayaraq ki, bu çox vaxt gizlicə və satqıncasına ediləcəkdir). Ümumi və şəxsi xoşbəxtlik üçün sizin milli vəhdətinizin böyük əhəmiyyətini düzgün qiymətləndirmək çox vacibdir; bu vəhdətə səmimi qəlbdən, bütün varlığınızla və fədakarcasına sadiq olmaq, bu barədə, sizin siyasi təhlükəsizliyinizin və tərəqqinizin rəhni kimi danışmaq və düşünməyi öyrənmək; onun qorunması qayğısına qeyrətlə qalmaq; hansısa hallarda guya onun daha lazım olmayacağına dair istənilən eyhamları rədd etmək, ölkəmizin hansısa hissəsini ayırmaq və ya bizi bir-birimizə bağlayan müqəddəs telləri zəiflətmək yolunda istənilən cəhdləri qəzəblə rədd etmək çox vacibdir. Sizin marağınız bundadır və hər biriniz buna can atmalısınız. Doğuluş və ya seçim üzrə bu ölkənin vətəndaşları olmaqla siz, ona fədakarcasına sədaqətli olmalısınız. Vətəndaşlığınız üzrə hər birinizə məxsus olan amerikalı adı həmişə sizdə iftixar və və vətənpərvərlik hissi oyatmalıdır. Cüzi fərqlərlə hamınızın eyni bir dini, ənənələri, vərdişləri və siyasi prinsipləri vardır. Siz vahid məqsəd naminə bir yerdə vuruşmusunuz və bir yerdə qələbə çalmısınız.

TAM MƏTNİ OXUMAQ ÜÇÜN YAŞIL DÜYMƏNİ BASIN

«ABŞ demokratiyası haqqında əsas mətnlər». Melvin Urovski Tərcümə və redaktə FAR CENTRE, redaktor Hikmət Hacızadə 


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan