Print Version   Download Zip File

 “ABŞ demokratiyası haqqında əsas mətnlər”. Melvin Urovski Tərcümə və redaktə FAR CENTRE, redaktor Hikmət Hacızadə 

Dred Skott Sendforda Qarşı (1857)

Dred Skottun (Dred Scott) işi Ali Məhkəmənin siyasi problemi məhkəmə yolu ilə həll etmək cəhdinə nümunə kimi, Amerikanın konstitusiya tarixində müstəsna yer tutur. Bu iş üzrə qəbul edilmiş qərar onunla nəticələndi ki, Ali Məhkəmə və onun sədri Rocer Bruk Teyni (Rager B. Taney) kəskin tənqid hədəfinə çevrildi, Ali Məhkəmənin sonrakı sədri Çarlz Evans Hyuz (Chales E. Hughes) isə bu işi “Ali Məhkəmənin öz əli ilə özünə vurduğu ağır yara” adlandırdı. Kölə kimi doğulmuş Skott onun sahibi olan hərbi cərrah tərəfindən Luiziana ərazisinin azad hissəsinə gətirilmişdi. Sahibinin ölümündən sonra Skott azadlıq əldə etmək tələbi ilə iddia irəli sürmüşdü. Skottun iddiasının əsası bundan ibarət idi ki, həmin ərazidə quldarlıq ləğv edildiyinə görə o, azad insan hesab edilməlidir və “bir dəfə azad olan insan həmişəlik azaddır”. Missuri məhkəməsi onun iddiasını rədd etdi, lakin Skott və onun ağ dərili tərəfdarları bu məsələni Federal Məhkəməyə verməyə müvəffəq oldular. Orada bu məsələ, qulun federal məhkəməyə müraciət etmək hüququ olub-olmaması baxımından müzakirə edilirdi. İş Ali Məhkəməyə çatanda o, birinci növbədə, məhz bu məsələni həll etməli idi. Əgər Skottun belə bir hüququ olmuşdursa, deməli, məhkəmənin müvafiq yurisdiksiyası olmuşdur və hakimlər artıq şikayətin özünə baxmalı idilər. Lakin Skott qul olduğundan, onun məhkəməyə müraciət etmək barədə qanuni hüququ yox idi. Onda məhkəmə yurisdiksiyanın olmadığına görə iddianı rədd edə bilərdi. Ali Məhkəmə qərara aldı ki, Skott qul olduğuna görə o, azad vətəndaşın federal məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilməzdi. Bununla da işi bağlamaq olardı, lakin Ali Məhkəmənin sədri Teyni və məhkəmədə Cənubun digər tərəfdarları həmin ərazilərdə köləlik məsələsini birdəfəlik və həmişəlik həll etmək istəyirdilər. Buna görə də qərara alındı ki, Konqres tərəfindən 1820-ci ildə qəbul edilmiş “Missuri kompromisləri Konstitusiyaya zidd olmuşdur, çünki vətəndaşların öz qullarını, yəni mülkiyyətini Birləşmiş Ştatların tabeliyində olan hər hansı əraziyə aparmalarına Konqres qadağa qoya bilməzdi. Teyni qərara aldı ki, qul mülkiyyətdən artıq bir şey deyildir və o heç vaxt vətəndaş ola bilməz. Təbii ki, Cənub bu qərarı bəyəndi, Şimalda isə həmin qərar qızğın protestə və məsxərəyə səbəb oldu. Həmin qərar Respublikaçılar Partiyasının yaranmasına gətirib çıxarmış, bu qərarın əleyhinə protestlər isə 1860-cı ildə Avraam Linkolnun prezident seçilməsində bəlkə də həlledici rol oynamışdı.

TAM MƏTNİ OXUMAQ ÜÇÜN YUXARIDAKI YAŞIL DÜYMƏSİNİ BASIN

 “ABŞ demokratiyası haqqında əsas mətnlər”. Melvin Urovski Tərcümə və redaktə FAR CENTRE, redaktor Hikmət Hacızadə 


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan