"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


 


19. ÇOXLUĞUN TİRANİYASINA QARŞI
Con Stüart Mill


Con Stüart Mill (1806-1873) müasir dövr demokratiyasının ingilis nəzəriyyəçiləri arasında ən hörmətli simalardan biridir.  Millin atası Ceyms yeni liberal təlim olan utilitarizmin yaradıcısı Ceremi Bentamın yaxın dostu və məsləkdaşı idi.  Mill öz atasından mükəmməl klassik təhsil almış, psixologiya və Roma hüququnu isə müstəqil öyrənmişdi.  Mill təxminən 20 il Şərqi Hind şirkətində nəzarətçi işləməklə yaşayışı üçün çörəkpulu qazanmışdır.  Həmin dövrdə və sonrakı illərdə Con Mill müasir liberal nəzəriyyəni inkişaf etdirən və onu ictimai həyatın müxtəlif sahələrinə tətbiq edən külli miqdarda fəlsəfi əsər çap etdirmişdir.  Mill belə hesab edirdi ki, insan hüquqları hər cür hörmətə layiqdir, təkcə ona görə yox ki, bu hüquqlar yaranışdan ona məxsusdur, insan hüquqlarına həm də ona görə hörmət edilməlidir ki, bunlar cəmiyyətin sabit inkişafı və ümumi xoşbəxtliyin əldə edilməsi üçün zəruridir.


Mill özünün "Azadlıq haqqında" (1859), "Nümayəndəli hökumət haqqında düşüncələr" (1861), "Utilitarizm" (1863), "Qadınların əsarətə alınması" (1869) esselərində fərdi çoxluğun tiraniyasından müdafiə etməyə çalışır və inandırıcı şəkildə sübut edirdi ki, millətin uğurlu inkişafı üçün dövlət tərəfindən siyasi təqibləri dayandırmaqla yanaşı cəmiyyətin şəxsi həyata müdaxiləsinə də son qoymaq gərəkdir. 


19-cu yüzilliyin sonlarında Millin və onun sələflərinin ideyaları İngiltərədə və ABŞ-da təhsil, sosial təminat sahələrində, məhkəmə-islah sistemində və şəxsi həyatın hüquqi müdafiəsində liberal islahatların həyata keçirilməsi üçün ideoloji əsas olmuşdur.


* * *


CON STÜART MİLL
Azadlıq haqqında (1859)


...Xalqın guya özünün öz üzərindəki hakimiyyətini məhdudlaşdırmağa heç bir ehtiyacının olmaması haqqında fikir xalq idarəçiliyinin hələ də arzu, yaxud çoxdan keçmiş günlərin xatirələri olduğu vaxtlar üçün aksiom kimi görünə bilərdi.  Bu fikri Fransa inqilabı üçün xarakterik olan və ümumi axardan kənara çıxan qeyri-adi hadisələr də sarsıda bilməmişdir.  Belə ki, bu hadisələr hakimiyyəti ələ almış azlığın işi idi və bu hadisələrdə günahkar xalq təsisatları deyil, bu cür konvulsiv partlayışa səbəb olmuş aristokratiya və monarxiya istibdadı idi.  Lakin həqiqi demokratik respublika yaradıldıqdan və beynəlxalq birlikdə onun ən qüdrətli üzvlərindən biri kimi öz yerini tutduqdan sonra, seçilən və məsul hökumət hər hansı əhəmiyyətli fakt kimi müşahidə və tənqid hədəfinə çevrildi.  Bu vaxt gördülər ki, özünüidarə və xalqın özünün öz üzərindəki hakimiyyəti kimi ifadələr o qədər də dəqiq deyildir.  Hakimiyyət verilmiş xalq heç də həmişə bu hakimiyyətə tabe edilmiş xalqla eyniyyət təşkil etmir və özünüidarə deyilən şey hər kəsin özünü idarə etməsi demək olmayıb hər kəsin yerdə qalanların hamısını idarə etdiyi idarə üsuludur.  Bundan başqa, xalqın iradəsi nə isə başqa bir şeydir, xalqın daha çoxsaylı, yaxud daha fəal hissəsinin iradəsi, yəni əksəriyyətin, yaxud özünü əksəriyyət kimi qəbul etdirməyə nail olanların iradəsi kimidir - burada da xalq hakimiyyəti xalqın bir hissəsini əzmək istəyində ola bilər və buna görə də istənilən hakimiyyətin sui-istifadə cəhdlərinə qarşı olduğu kimi, bu hakimiyyətin də sui-istifadə meyllərinə qarşı tədbirlər görülməlidir.  Deməli, fərdlər üzərində dövlət hakimiyyətinin məhdudlaşdırılması hakimiyyət verilmiş adamların xalq, yəni xalqın əksəriyyəti qarşısında məsul olduğu halda da öz əhəmiyyətini itirmir.  Bu baxış mütəfəkkirlər tərəfindən etiraz doğurmadı və Avropa cəmiyyətinin həqiqi, yaxud ötəri mənafeləri demokratiyanın maraqlarına uyğun gəlməyən sinifləri tərəfindən rəğbətlə qarşılandı, buna görə də o, heç bir çətinliklə rastlaşmadan yayıldı və hazırda siyasi mükalimələrdə "əksəriyyətin istibdadı" adətən elə bəlaların sırasına daxil edilir ki, cəmiyyət onlara qarşı sayıq olmalıdır.



ƏSƏRİN TAM MƏTNİNİ ZİP FİYLINDAN OXUYA BİLƏRSİNİZ


  

 

 


All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan