"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001



35. ABŞ-da QADIN HAQLARI UĞRUNDA MÜBARİZƏ


 


Amerika cəmiyyətinin əsasına qoyulmuş azadlıq ruhu çox tezliklə insan haqları və cəmiyyətin demokratikləşdirilməsi uğrunda çoxlu hərəkatlarda özünü göstərməyə başladı.  Bu hərəkatlardan birini XIX yüzilliyin əvvəlində qadınların hüquq bərabərliyi, xüsusilə onların siyasi hüquqları uğrunda hərəkat təşkil etdi.


Bu vaxtadək amerikalı qadınlar artıq quldarlığın ləğv edilməsi, təhsilin demokratikləşdirilməsi, sağlam həyat tərzi, məhbuslara və ruhi xəstələrə münasibət uğrunda hərəkatlar kimi mühüm ictimai hərəkatlara cəlb olunmuşdular. Lakin bütün bunlarla yanaşı, onlar seçki hüququndan məhrum edilmiş, əmlak və ailə hüquqları məhdudlaşdırılmışdı; cəmiyyət qadınlara ikinci dərəcəli vətəndaş kimi baxırdı.


Quldarlığın ləğv olunmasının fəal tərəfdarları Lukretsiya Mott və Elizabet K. Stanton Londonda qadın ayrı-seçkiliyinə məruz qaldılar.  Burada quldarlığın ləğv olunmasına dair keçirilən beynəlxalq konfransda onlara qadın olduqlarına görə zalda yer verməkdən imtina etdilər.  Vətənə qayıtdıqdan sonra onlar 1848-ci ilin iyul ayında Nyu-York ştatının Seneka Fols şəhərinin kilsəsində qadınların hüquq bərabərliyi problemlərinə həsr olunmuş yığıncaq keçirdilər.  Yığıncaqda 240 nəfər, o cümlədən 40 kişi iştirak edirdi.


İştirakçılar qadınların sosial, mülki və dini hüquqlarını təsbit edən qadınщ hüquqları bəyannaməsini hazırlamağa başladılar; bəyannamənin mətni qəsdən ABŞ İstiqlaliyyət Bəyannaməsinin mətnini xatırladırdı.  Yığışanlar arasında qadınlara seçki hüququnun verilməsi haqqında müddəa mübahisə doğurdu.  Nümayəndələrin əksəriyyəti bu müddəanı müdafiə etməkdən çəkinirdi.  Yalnız quldarlığın ləğv edilməsi uğrunda tanınmış qaradərili mübariz, keçmiş qul, indisə "Şimal ulduzu" qəzetinin naşiri Frederik Duqlas iştirakçılara müraciət etdikdən sonra bu müddəa qəbul olundu.


Seneka Fols Bəyannaməsi amerikalı qadınların hüquq bərabərliyi uğrunda yetmiş illik kütləvi mübarizəsinin təkan nöqtəsi oldu, bu mübarizənin gedişində qadınlar tədricən bəzi ştatlar tərəfindən onlara əmlaka sahib olmaq, pul qazanmaq və boşanma hallarında uşaqları özündə saxlamaq imkanları verən qanunlar qəbul edilməsinə nail oldular.  Seçki hüququnu isə qadınlar yalnız 1920-ci ildə ABŞ Konstitusiyasına 19-cu düzəlişin qəbul olunması ilə əldə etdilər.


 



SENEKA FOLS BƏYANNAMƏSİ (1848)



Bəşər tarixi kişilərin qadınları daim təhqir etməsi və onlara qarşı zor işlətməsi tarixidir.



Bəşər tarixində elə bir məqam yetişir ki, insan ailəsinin bir hissəsi dünyanın insanları arasında onların əvvəllər tutduqlarından fərqlənən, lakin təbiətin və  Yaradanın ona da bəxş etdiyi qanunlara uyğun mövqe tutmağa çalışır və belə olanda o, bəşəriyyətin rəyinə ehtiram əlaməti kimi, onu bu hərəkətlərə sövq edən səbəbləri, heç şəksiz ki, izah etməlidir.


Biz o həqiqətləri açıq-aşkar sayırıq ki, kişilər və qadınlar anadan bərabər doğulub və Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş edibdir; onların sırasına yaşamaq, azadlıq, səadətə canatma hüququ da daxildir; belə hüquqların təmin edilməsi üçün insanlar ədalətli, idarə olunanların razılığına güvənən hökumət qurur; odur ki, hər hansı dövlət həmin hüquqları pozarsa, xalqın onu dəyişməyə, ləğv etməyə, əvəzindəsə həmin prinsiplərə dayanan, insanların əmin-amanlığına və güzəranına daha yüksək təminat verən, yeni quruluş yaratmağa haqqı vardır.  Əlbəttə, sağlam şüur kəsən odur ki, çoxdan bəri formalaşmış idarəçilik üsulları xırda və ötəri səbəblərə görə əvəz edilməsin, çünki keçmişin təcrübəsi göstərir ki, insanlar özlərinin alışdıqları həyat tərzini dəyişməkdənsə şərin hökmünə dözməyə, imkan varsa, daha meyillidirlər. Ancaq uzunmüddətli azğınlıq və zillət yeganə və ardıcıl məqsəd - xalqı sonu görünməyən despotizmə tabe etdirmək - daşıyırsa, onda bu cür iqtidarı devirmək və özünün gələcək əmin-amanlığını təmin edən etibarlı bir zəmin yaratmaq xalqın haqqı və borcudur. Bu dövlət quruluşunda qadınların dözdükləri iztirablar belə idi və indi zərurət onları haqları çatan ictimai vəziyyət bərabərliyini tələb etməyə məcbur edir. 


Bəşər tarixi kişilərin qadınları daim təhqir etməsi və onlara qarşı zor işlətməsi tarixidir.  Onların məqsədi qadınlar üzərində mütləq istibdad yaratmaq idi.  Bunu sübut etmək üçün, icazənizlə, faktları təqdim edək.


Kişi qadına heç vaxt özünün ayrılmaz seçki hüququnu həyata keçirməyə imkan vermirdi.


Kişi qadını qəbul olunmasında səsi ilə iştirak etmədiyi qanunlara tabe olmağa məcbur edirdi.


O, qadına ölkə vətəndaşı, yaxud əcnəbi olmasından asılı olmayaraq hətta ən cahil və düşkün kişilərin malik olduğu hüquqları vermirdi.


Kişi qadını başlıca vətəndaş hüququndan - səsvermə hüququndan məhrum edərək və bununla da onu qanunverici məclislərdə nümayəndəsiz qoyaraq, ona həyatın bütün sahələrində zülm edirdi.


Kişi nikaha girərək qadını qanunun nəzərində vətəndaş kimi ölüyə çevirirdi.


Kişi qadının əmlak, hətta qazandığı pul üzərində mülkiyyətini əlindən alırdı.


O, qadını mənəvi cəhətdən şüursuz varlığa çevirmişdir, belə ki, əgər əri yanındadırsa, qadın heç bir cəza olmadan istənilən qədər cinayət törədə bilər.  Nikah izdivacında qadın əri qarşısında mütiliyi öz üzərinə götürməyə məcbur edilir, kişi bütün niyyət və məqsədləri ilə qadının sahibinə çevrilir, qanun kişiyə qadını azadlıqdan məhrum etmək, onu cəzalandırmaq ixtiyarı verir.


Kişi qanunları elə formalaşdırmışdır ki, boşanma hallarında uşaqlar üzərində qəyyumluq hüququ qadınların mənafeyini nəzərə almır - qanun bütün hallarda kişilərin üstünlüyü haqqında yanlış təsəvvürə əsaslanaraq bütün hakimiyyəti onlara verir.


Kişi ərli qadınları bütün hüquqlarından məhrum etdikdən sonra tək qadınları da, əgər əmlakları varsa, sərbəst buraxmır; kişi onun üzərinə dövlətin xeyrinə vergilər qoyur, dövlət isə qadınlarla yalnız o vaxt maraqlanır ki, onların əmlakı dövlətə xeyir gətirə bilsin.


Kişi fəaliyyətin bütün gəlirli sahələrini öz inhisarına almışdır, qadınların işləməsinə imkan verilmiş yerlərdə isə onlar çox cüzi məvacib alırlar.  Kişi qadınlar üçün bütün varlanmaq yollarını və kişinin özü üçün şərəf saydığı fərqlənmək imkanlarını bağlamışdır.  Qadın nə ilahiyyat, nə tibb, nə də hüquq fənlərini tədris edə bilər.


Kişi qadını ciddi təhsil almaq hüququndan məhrum etmişdir, bütün kolleclər qadınların üzünə bağlıdır.


Kişi qadını kilsə və dövlət işinə yaxın buraxsa da, apostolların nümunəsinə(1) söykənərək...  yalnız asılı vəzifələrə təyin edir.


Kişi dünyaya kişilər və qadınlar üçün bir-birindən fərqlənən əxlaq kodeksləri təqdim edərək yanlış ictimai fikir formalaşdırmışdır.  Bu fərqlər ona gətirir ki, eyni nalayiq hərəkətlərə görə qadın cəmiyyətdən uzaqlaşdırılır, kişilərə isə heç nə edilmir və onlar üçün elə böyük qəbahət sayılmır.


Kişi hətta Yeqovanın(2) özünün səlahiyyətlərini ələ keçirmişdir, o, iddia edir ki, qadının fəaliyyət sahəsini müəyyənləşdirmək hüququna malikdir, halbuki bu, qadının vicdanına və Allahına məxsus ola bilər.


Kişi bütün yollarla qadının özünəhörmət hissini öldürmək və onu həyatda asılı və rəzil rolla kifayətlənməyə məcbur etmək üçün onun öz gücünə inam hissini sarsıtmağa çalışmışdır.


İndi bu ölkənin insanlarının yarısının bütün bu məhrumiyyətlərə məruz qalmasını, onların ictimai və dini sahələrdə geri qalmalarını, yuxarıda qeyd olunan ədalətsiz qanunları nəzərə alaraq, qadınların qəmgin, məzlum vəziyyətlərini, onlara məxsus hüquqların əksəriyyətindən məhrum edilmələrini nəzərə alaraq biz təkid edirik ki, qadınlar dərhal Birləşmiş Ştatların vətəndaşı kimi ixtiyarları olduğu bütün hüquq və imtiyazları əldə etsin.


Müəyyən etdiyimiz böyük bir işə başlayarkən biz heç də az olmayacaq yanlışlıq, təhrif, yaxud istehzalar gözləyirik, lakin ixtiyarımızda olan bütün imkanlardan məqsədimizə çatmaq üçün istifadə etməliyik.  Biz vəkillər tutmalı, pamfletlər nəşr etməli, ştat və milli qanunverici məclislərə təkliflərlə çıxmalı, din xadimlərini və mətbuatı müdafiə işimizə cəlb etməliyik.  Ümid edirik ki, bundan sonra ölkənin hər yerini bürüyəcək bu cür toplantılar ardıcıl keçiriləcəkdir.


 



_______________________________________________________________________
1 Xristianlığın ilk təbliğatçıları olan İsa şagirdlərinin - apostolların yalnız kişilərdən ibarət olduğu nəzərdə tutulur - red.
2 Bibliyada Allahın adı - red.



  
* * *

 

 


All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan