"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


 


37. LİNKOLNUN QƏBİRÜSTÜ NİTQİ


İttifaqın tərəfdarlarının Gettisburq döyüşündəki qələbəsi (iyul, 1863) onun və Amerika Quldarlıq Konfederasiyasının tərəfdarları arasında gedən vətəndaş müharibəsində dönüş nöqtəsi oldu. Təxminən 45.000 adamın həlak olduğu bu qardaş qırğınında Konfederasiya öz ordusunun üçdə birini itirdi.  Bu, Konfederasiyanın sonu və köləliyin ümumən ləğv edilməsi demək idi...


1863-cü ilin noyabrında şimal ştatlarının nümayəndələri Gettisburq döyüşündə həlak olmuş əsgərlərin abidəsi önünə qəhrəmanların xatirəsini yad etməyə toplaşmışdılar.  Mərasimdə prezident Avraam Linkoln da iştirak edirdi.  Buna baxmayaraq, əsas məruzəni etmək keçmiş dövlət katibi, Harvard Universitetinin rektoru, ölkənin ən mahir natiqlərindən sayılan Edvard Everettə tapşırılmışdı.  Təşkilatçılar Linkolnun natiqlik qabiliyyətinə - bu təntənəli məqama layiq nəsə mənalı və yaddaqalan bir söz deyə biləcəyinə inanmadıqlarından, ona Everettdən sonra qısa vida sözü ilə çıxış etməyi rəva bilmişdilər.


Everett təmtəraqlı, bəlağətlə dolu uzun bir nitq söylədi.  Onun çıxışı iki saata qədər çəkdi ki, bu da o dövrdə bu cür mərasimlər üçün adi bir hal sayıla bilərdi.  Everettin nitqi elə gurultulu və sürəkli alqışlar qopardı ki, çoxları prezident Linkolnun səhnəyə necə qalxıb öz nitqinə başladığını heç sezmədi də.  Onun çıxışı cəmi ikicə dəqiqə çəkdi, amma o bu iki dəqiqədə Everettdən daha çox şey deyə bildi.


Linkolnun ölkənin və bütövlükdə demokratiyanın taleyi haqqında düşüncələrinin və şübhələrinin tezislərini cəmlədiyi qəbirüstü nitqi Periklin qəbirüstü nitqi ilə səsləşir.  Linkoln müharibənin ittifaqı qoruyub saxlamaq kimi məqsədilə yanaşı, şimallılar üçün getdikcə daha böyük əhəmiyyət daşıyan bir məqsədi - köləliyə qarşı mübarizə, İstiqlaliyyət Bəyannaməsində göstərilmiş dəyərlər uğrunda mübarizə məqsədini də ön plana çəkdi.


Linkoln deyirdi: Bu müharibədə bizim qismətimizə düşən sınaqlar bir şeyi göstərməli idi: demokratik dövlət, "bütün insanlar anadan bərabər doğulmuşlar" prinsipi üzərində qurulmuş bir dövlət sağ qalıb yaşaya biləcəkmi?  Linkoln özünün əvvəlcədən hazırlanmamış, sinədən söylədiyi iki dəqiqəlik nitqində həmçinin demokratiyaya "xalq hakimiyyəti, xalq üçün və xalqın həyata keçirdiyi bir üsul" kimi dəqiq və tutumlu tərif verə bildi.


Linkolnun şübhələrinə baxmayaraq, onun nitqi indiyəcən yaddaşlardan silinməyib.  Bu gün onun Gettisburq nitqi Amerikada ən çox sitat gətirilən demokratik sənədlərdən sayılır.  Bu nitq məktəblərdə də poetik nəsrin əvəzsiz nümunəsi kimi əzbər öyrənilir. 


 


 


AVRAAM LİNKOLN
Gettisburq nitqi (1863)


 
...Xalq hakimiyyəti, xalq üçün və xalqın həyata keçirdiyi bir üsul yox olub yer üzündən silinməsin.     



Səksən il öncə ulu babalarımız bu materikdə mayası Azadlıq şüarı ilə yoğrulmuş və bütün  insanların bərabər yaranışı prinsipinə bağlanmış yeni milləti yaratmışlar. 
 
İndi biz böyük Vətəndaş müharibəsi aparırıq.  Bu müharibə belə bir sualı sınağa çəkir: mayası Azadlıqla yoğrulmuş və ona bağlanmış bu və ya başqa bir millətin ömrü uzun ola bilərmi? Biz bu müharibənin ən böyük döyüş meydanlarından birində toplaşmışıq.  Biz bu millətin yaşaması üçün öz həyatlarını verənlərin son mənzil tapdıqları yeri, meydanın bir hissəsini nurlandırmaq üçün gəlmişik.  Bu hərəkət bizə və ləyaqətimizə tam uyğundur.
 
Lakin daha geniş mənada bizim bu yeri öyməyə, nurlandırmağa, müqəddəsləşdirməyə ehtiyacımız yoxdur.  Burada döyüşmüş mərd insanlar (dirilər və ölənlər) artıq onu nurlandırıblar.  Həm də bunu bizim  zəif gücümüzlə artıra və ya azalda biləcəyimizdən qat-qat artıq ediblər.  Burada dediklərimizi dünya qismən eşidəcək və  çox keçmədən unudacaqdır, lakin onların etdikləri heç vaxt yaddan çıxmayacaqdır.  Bu, bizə - dirilərə lazımdır ki, özümüzü burada döyüşənlərin şərəflə gördükləri və hələ bitirmədikləri  işə həsr edək.  Özümüzü bu işə həsr etməyimiz ondan ötrü daha çox bizə lazımdır ki, xatirələrini hörmətlə yad etdiyimiz bu böyük insanlardan onların ən yüksək dərəcədə nümayiş etdirdikləri sədaqət dərsi götürək; onların öz həyatlarını boş yerə qurban vermədiklərini bir daha rəsmən bildirək; bu millət Allahın köməyi ilə azadlığın yenidən dirçəlməsinə nail olsun və xalq hakimiyyəti, xalq üçün və xalqın həyata keçirdiyi bir üsul yox olub yer üzündən silinməsin.     


* * *


 



  

 

 


All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan