"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001



41.  XX ƏSRDƏ İRQÇİLİYƏ QARŞI HƏRƏKAT


Şimalla cənub arasında Vətəndaş müharibəsi qurtardıqdan sonra ABŞ Konstitusiyasına edilmiş 13-cü (1865), 14-cü və 15-ci (1879) düzəlişlər qaradərili kölələrə azadlıq, qanun qarşısında hüquq bərabərliyi və hətta seçkilərdə iştirak etmək hüququ verdi.  Lakin xəstə təxəyyül qanunverici aktların qəbul edilməsi ilə aradan qalxmır və azad edildikdən dərhal sonra Amerikanın qaradərili vətəndaşları amansız hüquqi, iqtisadi və sosial ayrı-seçkiliklə üzləşdilər.


Cənub ştatları 1890-cı ildən özlərində seqreqasiya (1) haqqında qanunları tətbiq etdilər.  Bu qanunlar zəncilər üçün aşağı hüquqi status müəyyənləşdirirdi.  1896-cı ildə isə ABŞ Ali Məhkəməsi "ayrılıqda, lakin bərabər" prinsipi ilə seqreqasiyanın qanuniliyini təsdiq etdi.  Seqreqasiya haqqında qanunlar dövlət məktəblərində təhsilin ayrılmasını nəzərdə tutur, zəncilərin parklara, mehmanxanalara, restoranlara girişini məhdudlaşdırır, nəqliyyatda onlar üçün xüsusi yerlər ayırır, əmlak və təhsil senzi tətbiq etməklə onların seçki hüququnu məhdudlaşdırırdı.  Bütün bunlara qarşı vətəndaş hüquqları uğrunda kütləvi hərəkat yüz ilə yaxın mübarizə aparmalı oldu.


1909-cu ildə Milli Zənci Konfransı yaradıldı.  Bu təşkilat irqi hüquq bərabərliyi uğrunda mütəşəkkil mübarizənin əsasını qoyur.  Vətəndaş hüquqları uğrunda mübarizə İkinci dünya müharibəsinin başlanması ilə xüsusi vüsət alır.  Çoxlu sayda şikayət aldıqdan sonra prezident Ruzvelt 1941-ci ildə fərmanla orduda irqi ayrı-seçkiliyin yolverilməz olduğunu göstərir, qaradərili əsgərlərin mühüm və vacib hərbi proqramlarda iştirak hüququnu təsdiq edir.  1948-ci ildə prezident Harri S. Trumen mülki hüquqlar üzrə prezident komissiyası təşkil edir.  1954-cü ildə vətəndaş hüquqları uğrunda əsas zənci təşkilatı olan Rəngli Əhaliyə Yardım Milli Assosiasiyası "Braun Təhsil Şurasına qarşı" işində Ali Məhkəmənin belə bir qərar qəbul etməsinə nail olur ki, seqreqasiya Konstitusiyanın 14-cü (qanun qarşısında hüquq bərabərliyini təmin edən) düzəlişinə ziddir.  1955-ci ildə Alabama ştatının Montqomeri şəhərində zənci müəllimə Roza Parks avtobusda öz yerini ağ kişiyə verməkdən imtina edir. Roza Parksın həbsi avtobus şirkətinin boykot edilməsinə və kütləvi etiraz aksiyalarına səbəb olur.  Bu aksiyalara gənc zənci lider, ilahiyyat doktoru Martin Lüter Kinq başçılıq edir.  Alabama etirazları bütün Amerikaya yayılır və ABŞ-da mülki hüquqlar uğrunda kütləvi hərəkatın başlanğıcı hesab olunur.  1957-ci ildə prezident Eyzenhauer Littl Rok şəhərinin universitetinə qaradərili tələbələri buraxmayan Arkanzas ştatının qubernatorunu tabe etdirmək üçün qoşun göndərir.  Elə həmin ildə Konqres mülki hüquqlar haqqında qanunu qəbul edir.  Bu qanun qaradərili amerikalıların seçki hüququnu da müdafiə edirdi.  Buna baxmayaraq, cənub ştatlarının nə qanunverici məclisləri, nə də ictimai rəyi seqreqasiyadan imtina etməyə tələsirdi və 1963-cü ildə prezident Con Kennedi mülki hüquqlar haqqında güclü bir bill (qanun) qəbul etmək təklifi ilə Konqresə müraciət etmək qərarına gəlir. Bu qanun ölkənin rəngli əhalisinin hüquqlarını müdafiə etməli idi.  Cənub ştatlarının nümayəndələri bu qanunun qəbul edilməsinin qarşısını almaq qərarına gəlirlər. 


Buna etiraz edərək Mülki Hüquqlar Uğrunda Ümummilli Hərəkatın liderləri Vaşinqtona kütləvi yürüş təşkil etmək qərarına gəlirlər.  Bu yürüşdə 250 min adam, o cümlədən 50 minə yaxın ağdərili vətəndaş iştirak edirdi.  Prezident Linkolnun abidəsi önündəki nəhəng mitinqdə həmkarlar ittifaqlarının liderləri, ruhanilər, kino və rok ulduzları çıxış edir.  Martin Lüter Kinq irqi ayrı-seçkiliyə qarşı parlaq tarixi nitqlə ("Mənim arzum var") çıxış edir.  1964-cü ildə prezident Lindon Conson Mülki Hüquqlar Uğrunda Ümummilli Hərəkata arxalanaraq, nəhayət, həlak olmuş C. Kennedinin irəli sürdüyü Mülki Hüquqlar Haqqında Billi Konqresdən keçirməyə nail olur.  Bu bill ölkənin bütün ştatlarında irqi ayrı-seçkiliyi qəti qadağan edirdi.  Həmin ildə Martin Lüter Kinq öz fəaliyyətinə görə Nobel sülh mükafatı ilə təltif olunur. 1968-ci ildə Kinq irqçilər tərəfindən öldürülür.  1986-cı ildə hüquq bərabərliyi uğrunda bu böyük mübarizin anadan olmasının ildönümü ABŞ-da milli bayram elan olunur.


M. Kinq özünün məşhur "Azadlığa doğru böyük addım: Montqomeri tarixi" (1958) kitabında Mahatma Qandinin ideyalarından ruhlanaraq, seqreqasiyaya qarşı qeyri-zorakı mübarizə strategiyasını müəyyənləşdirir.


* * *


MARTİN LÜTER KİNQ
Azadlığa doğru böyük addım (1958)


...Zəncilərin öz haqlarında öz fikirlərinin dəyişməsi ilə seqreqasiyaya münasibətdə milyonlarla ağ amerikalının da vicdanı oyanmağa başladı.  İstiqlaliyyət Bəyannaməsi imzalanandan bəri Amerika irqi məsələdə şizofreniyalı adama bənzəyirdi.  O, bir neçə Mənə parçalanmışdır; onlardan biri demokratiyanı tərənnüm edir, digəri qəmli-qəmli onun antitezisini tətbiq edirdi.  Köləlik kimi, seqreqasiyanın da mövcudluğu həmişə demokratiya və xristianlığa düz gəlməmişdir.  Əslində seqreqasiya və ayrı-seçkilik bütün insanların bərabərliyi prinsipi əsasında yaranmış millət üçün qəribə paradoksdur.  Bu, həm şimalda, həm də cənubda ağların vicdanını rahat buraxmır və onların bir çoxunu seqreqasiyanın bir bəla olduğunu boynuna almağa məcbur edir...


Tarix bizim nəslimizin bəxtinə təsəvvürolunmaz dərəcədə mühüm bir tale - ölkəmizdə çox gecikmiş demokratikləşmə prosesini başa çatdırmaq nəsib etmişdir.  Demokratiyamız ölkəmizin dünyada hörmət qazanmaq və dünya yarışında qələbəyə nail olmaq üçün ən güclü silahıdır... Amerikanın gələcəyi hazırkı böhranın uğurla həll olunmasından asılıdır...  Birləşmiş Ştatlar öz evindəki irqi problemi aradan qaldırmayınca dünyanın mühüm və inkişaf edən rəngli millətlərinin hörmətinə ümid bəsləyə bilməz...  Əgər Amerika birinci dərəcəli ölkə olaraq qalmaq istəyirsə, özündə ikinci növ vətəndaşlıq saxlamamalıdır.



ƏSƏRİN TAM MƏTNİNİ ZİP FAYLINDAN OXUYA BİLƏRSİNİZ


  

 

 


All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan