"Demokratiya: Gediləsi Uzun bir Yol"


Demokratiya və Antidemokratiya Antologiyası (e.ə.430 - b.e.1998)


Hikmət A.Hacızadə, FAR CENTRE, Bakı, 2001 57.


 


1989 - LİBERALİZMİN SON QƏLƏBƏSİ?


 


Amerika politoloqu, Dövlət Departamentinin keçmiş yüksək rütbəli əməkdaşı Frensis Fukuyamanın "Tarixin sonu?" essesi 1989-cu ilin yayında "National Interest" (ABŞ) jurnalında işıq üzü görmüş və dərhal da bütün dünyada geniş əks-səda doğurmuşdur. Esse dünya tarixinin dönüş məqamlarının birində - 1989-cu ildə Avropada kommunist rejimlərinin bir-birinin ardınca dağıldığı bir vaxtda, dünyanı azad və totalitar dünyalara bölmüş Berlin səddi uçqununun "gurultu"su yeni eranın - Fukuyamanın fikrincə, liberalizmin əbədi erasının başlanğıcından xəbər verdiyi günlərdə qələmə alınmışdır. "Şahidi olduğumuz hadisələr, - Fukuyama yazırdı, - sadəcə olaraq "soyuq müharibə"nin və yaxud müharibədən sonrakı dövrün növbəti mərhələsinin sonu deyil, özlüyündə tarixin sonudur, bəşəriyyətin ideoloji təkamülünün və idarəetmənin bitkin forması kimi Qərb liberal demokratiyasının ümumdünya xarakteri almasının başa çatdırılmasıdır". "Tarixin sonu?" essesi elə həmin il dünyanın bütün əsas dillərinə tərcümə edildi və bəşəriyyətin sonrakı inkişaf yolları haqqında bu gün də davam edən qızğın müzakirələrdən, əsas baxışlardan biri oldu. Qərb oxucuları Fukuyamanın belə bir tezisini alqışladı ki, onların seçdikləri mənəvi dəyərlər və həyat tərzi yeganə düzgün yoldur və tarixin gedişi də bunu sübut edir; tarix Marksın dünya proletar inqilabı haqqındakı nəzəriyyəsini təkzib və liberalizm klassikləri C.Bentam və C.S.Millin yalnız insanın azadlığına əsaslanan sistemin səmərəli və mütərəqqi olması barədəki nəzəriyyələrini təsdiq etdi. Fukuyama yazır ki, indən belə liberal demokratik düşərgəyə meydan oxumağa qabil olan dünya əhəmiyyətli faşist, yaxud kommunist gücü olmayacaqdır. Müəllif daha uzaqlara gedərək təsdiq edir ki, kommunizmin iflasından sonra daha liberalizmin dünyada alternativi yoxdur. Doğrudur, ayrı-ayrı ölkələrdə millətçilik və dini fundamentalizm hələ də şüurlara hakim kəsilməkdədir, lakin onların dünya əhəmiyyətli gücə çevrilmək üçün heç bir perspektivi yoxdur. Liberal dəyərlər, yəni demokratiya və insan hüquqlarını dünyanın bütün xalqları, aralarındakı mədəni fərqlərə baxmayaraq, tanıyacaqdır. Eyni zamanda, Fukuyama özü sanki şübhə və tərəddüd keçirirmiş kimi soruşur: bəs görəsən, bu "yeni şərəfli dünya" - ideyaların mübarizəsi, mücərrəd məqsədlər naminə özünü qurban verməyin, yüksək amallı idealizmin iqtisadi mənfəət, texniki və ekoloji problemlərlə əvəz olunduğu bir dünya darıxdırıcı və kədərli olmayacaqmı? Fukuyama bu gün bizim yaşadığımız dünya üçün bir "həsrət" duyur. "Tarixin sonu"nu hələlik görə bilməyən bizlər isə artıq onun yaşayıb-yaratdığı dünyanın həsrətini çəkirik. * * * FRENSİS FUKUYAMA Tarixin sonu? (1989) Təxminən son onillikdə cərəyan edən hadisələri izləyərkən ümumdünya tarixində nə isə əsaslı bir hadisənin baş verdiyi hissindən uzaqlaşmaq çətindir.


 


TAM MƏTNİ OXUMAQ ÜÇÜN YUXARIDAKI YAŞIL DÜYMƏNİ BASIN

 

 


All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan