“ABŞ demokratiyası haqqında əsas mətnlər”. Melvin Urovski


Tərcümə və redaktə FAR CENTRE


Redaktor Hikmət Hacızadə


  


General Duqlas MakArturun İstefaya Göndərilməsi (1951)


 


İkinci Dünya müharibəsinin gedişində Koreya yarımadası – şimalda 38-ci paraleldə rusmeylli kommunist, cənubda isə Qərbmeylli olmaqla iki yerə bölündü. Elə bilirdilər ki, bu parçalanma müvəqqətidir. 1950-ci il iyunun 24-də Şimali Koreyanın silahlı qüvvələri bölgü xəttini adlayıb keçdi və Trumən hökuməti Birləşmiş Millətlərə Şimali Koreya qoşunlarını təzədən 38-ci paralelə sıxışdırıb qaytarmaq üçün öz hərbi qüvvələrini təklif etdi1.


   BMT-nin hərbi qüvvələrinə general Duqlas MakArtur (Douglas Macarthur) rəhbərlik edirdi. Ona qədər general Yaponiyadakı amerikan qoşunların komandanı idi. Ancaq BMT qüvvələri çox tezliklə Şimali Koreya qoşunları tərəfindən mühasirəyə alındı və cənuba, liman şəhəri olan Pusana tərəf sıxışdırıldı. Ancaq MakArtur mahir bir fəndlə mühasirəni yarıb İnçxona hərbi dəniz desantı çıxardı. BMT qoşunları tezliklə nəinki 38-ci paraleli ələ keçirdi, hətta həmin xətti adlayıb şimala, Kommunist Koreyasını Çinin Mancuriyasından ayıran Yalutszyan çayına tərəf hərəkət etdilər.


   MakArtur Koreya müharibəsini özlüyündə kommunizmə qarşı müqəddəs savaş kimi anlayırdı; o, durub-oturub, Formoza adasına qapanıb qalan Çan Kay-şının xilası barədə danışır, hətta düşmənə atom zərbələri endirməyi tələb eləyirdi. Belə cəhd istər Truməni, istərsə konfliktə qoşulan BMT-nin digər ölkə rəhbərlərini, həm də qərargah rəisləri komitəsini narahat etməyə bilməzdi. Harri Trumən, eləcə də ölkə hərbçiləri Koreya əməliyyatını yalnız təcavüzkarın qabağını almaq üçün fikirləşmişdi. Fəqət, həmin əməliyyat amerikanların çoxunda məyusluq doğurdu. Bu cür “cilovlama siyasəti” əslində Koreya müharibəsində Birləşmiş Ştatların qəti qələbəsinə hesablanmamışdı. Adda-budda qazanılan müsbət nəticələr kifayət hesab edilirdi…


   Amerikan siyasi sistemini yaşadan ənənələrdən biri hərbi rəhbərliyin mülki liderlərə tabeçiliyidir. Belədir ki, generallar özlərinin mülki rəhbərliyi ilə razılaşmadan heç bir siyasi bəyanat verə bilməzlər. Ancaq Yaponiyada hökm verməyə adətkərdə olan general MakArtur bu ənənəni pozdu, mülki rəhbərliyin başı üstündən Birləşmiş Ştatların Koreyadakı xətt-hərəkətinə dair ora-bura məktublar göndərdi. Məsələn, “Xarici müharibələr veteranları”na ünvanladığı məktubda MakArtur belə bir təklif irəli sürürdü ki, Formoza adası Çinə qarşı hərbi yürüş başlamaqdan ötrü çox əlverişli yerdir. MakArtur eyni zamanda Truməni inandırmağa çalışırdı ki, Çin heç vaxt müharibəyə girməyəcək. Ancaq Çin müharibəyə girəndən sonra MakArtur Nümayəndələr Palatasının spikeri Co Martinə (Joe Martin) yazdığı məktubda israr edirdi ki, Birləşmiş Ştatlar qələbə naminə irimiqyaslı müharibə başlamalı, ilk növbədə isə Mancuriyadakı hərbi hədəfləri bombardman etməlidir. Məhz belə özbaşınalığına görə prezident Trumən general MakArturu istefaya göndərdi.


  


TAM MƏTNİ OXUMAQ ÜÇÜN YUXARIDAKI YAŞIL DÜYMƏNİ BASIN


 


 

 

 


All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan